Qadın voleybolçular arasında Dünya çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi etdiyi turnirin 8-ci günündə səkkiz görüş baş tutub.

B qrupunda mübarizə aparan Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib. Görüş gözlənildiyi kimi türkiyəli voleybolçuların quru hesablı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:12, 25:12). Bu qələbədən sonra Türkiyə sonuncu qrup oyununun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə adlayıb.

Günün gözlənilməz nəticəsi isə yenə B qrupunda qeydə alınıb. Meydan sahibi Polşa doğma azarkeşlər önündə Dominikan Respublikası ilə bacarmayıb. 1:3 hesabı ilə uduzan Polşa qarşılaşmanı xalsız başa vurub.

Günün digər oyunlarında Kanada Qazaxıstanı 3:0, Tayland Cənubi Koreyanı 3:0, Serbiya Almaniyanı 3:0,  İtaliya Keniyanı 3:0, ABŞ Bolqarıstanı 3:1, Puerto-Riko isə Kamerunu 3:0 hesabları ilə məğlub ediblər.

Türkiyə yığmasının istirahət edəcəyi növbəti gündə daha yeddi matç baş tutacaq: Serbiya-Qazaxıstan, Çin-Çexiya, Braziliya-Yaponiya, Bolqarıstan-Kanada, Kolumbiya-Argentina, ABŞ-Almaniya, Niderland-Belçika.