Moldova seçməsinin baş məşqçisi Engin Fırat Azərbaycan millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib. 

 

Rekord.az xəbər verir ki, yerli mətbuata danışan türkiyəli mütəxəssis bu yaxınlarda Azərbaycandan bir menecerin onunla əlaqə saxladığını təsdiqləyib:

"Belə bir söhbət hələ il yarım öncə də olmuşdu. Bir neçə gün əvvəl isə Azərbaycandan mənə bir menecer zəng vurmuşdu. Ancaq AFFA-dan olduğuna inanmıram. Birbaşa cavab verdim ki, hazırda mənim üçün belə bir şey mümkün deyil. Bundan sonra Azərbaycan və Türkiyə mətbuatında xəbərlər yayılmağa başladı.

Əvvəlcə ciddiyə almadım. Ancaq məlumatın ciddi şəkildə yayıldığını görəndə Azərbaycan mətbuatına açıqlama verdim. Bildirdim ki, AFFA tərəfindən maraq olması mənim üçün şərəfdir. Amma artıq Moldova millisində yeni layihəyə start vermişəm. Buna çox enerji sərf etmişəm və getmək ehtimalını belə düşünmürəm. Komandaya gənc oyunçular cəlb etmişəm. Heç bir məbləğ məni fikrimdən daşındıra bilməz. Nəyəsə diqqətinizi yönəltmisinizsə, heç vaxt fikrinizi dəyişdirməməlisiniz.

Gələcəkdə nə olacağını bilmək olmaz. İndi isə AFFA ilə hansısa danışıqdan söhbət gedə bilməz".

Moldova Futbol Federasiyası ilə hələ də müqavilə bağlamayan Fırat bu məsələyə də aydınlıq gətirib: "Leonid Oleyniçenko ilə bir-birimizin əlini sıxdıq. Bu isə mənim üçün artıq müqavilə deməkdir. Əlavə şərhə ehtiyac yoxdur. Bəli, müqavilə hələ kağız üzərində deyil. Çünki İcraiyyə Komitəsi toplaşmalı və təyinatı təsdiqləməlidir. Bundan sonra isə kağız üzərində rəsmi imzalar atılacaq. Burada hər hansı problem görmürəm".