Azərbaycan Voleybol Federasiyası (AVF) mətbuat konfransı keçirib. "Rekord.az" xəbər verir ki, mətbuat konfransında yeniyetmə və gənc qızlardan ibarət komandalara yeni rəhbər təyin olunmuş türkiyəli mütəxəssis Şahin Çatma çıxış edib.

Təcrübəli mütəxəssis ilk olaraq ona göstərilən etimada görə AVF rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmizə gəlməsində səbəb Azərbaycan voleybolunda altyapını daha da inkişaf etdirməkdir. Yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində bu günə kimi Faiq Qarayevin rəhbərliyi ilə mühüm işlər görüldüyünü vurğulayan Ş.Çatma bu işlərin davam etdirilməsi və uğurlu nəticələrin əldə olunması üçün böyük səylə çalışacaqlarını əlavə edib. O, bu yolun asan olmayacağını, lakin birlikdə öhdəsindən gələrək voleybolda altyapının inkişafına nail olunacağına əminliyini bildirib. Bu istiqamətdə fəaliyyətə avqustdan başlayacağını deyən Ş.Çatma Azərbaycan voleybolunun Avropa və dünya arenasında layiqli yer tutması üçün çalışacaqlarını vurğulayıb.