Niderland və Polşanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Dünya çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, baş tutan 6 oyunun üçündə beş set qeydə alınıb.

Tay-brekə qədər uzanan qarşılaşmalarda ABŞ Taylandı, Kanada Dominikan Respublikasını, Polşa isə Almaniyanı 3:2 hesabı ilə məğlub ediblər. Digər görüşlərdə İtaliya Çini 3:0, Braziliya Belçikanı 3:1, Serbiya isə Türkiyəni 3:0 hesabları ilə üstələyiblər. 

Bununla F qrupu üzrə 1/4 final cütləri bəlli. Polşanın xal itirməsi türkiyəli voleybolçuların işinə yarayıb. Belə ki, xalları və qələbə sayı Polşa ilə eyni olsa da set fərqinə görə Türkiyə millisi bu qrupu 3-cü yerdə başa vurub. Bu da qonşu ölkə yığmasının növbəti mərhələdə Serbiyadan daha zəif olan ABŞ millisi ilə rəqib olmasına şərait yaradıb. Beləliklə, 1/4 finalda Serbiya Polşa ilə, Türkiyə isə ABŞ-la üz-üzə gələcək.

Digər 1/4 final cütləri sabah keçiriləcək oyunlardan sonra bəlli olacaq. E qrupunun növbəti, eləcə də qrup mərhələsinin son qarşılaşmaları belədir: Çin-Belçika, Yaponiya-Niderland, Puerto-Riko-Argentina.