Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Kardeşlik” turnirində iştirak edib. "Rekord.az" xəbər verir ki, qızlarımız yarışda ikinci yerə çıxıblar. 

Türkiyənin Bursa şəhərində təşkil olunan yarışda yeddi komanda (Azərbaycan (U-16), “DSİ Nilüfer Spor Klubu”, “Eskişehir DSİ Bentspor Klubu”, “Oksijen Genclik Spor Klubu”, “Kestel Belediyye Spor klubu”, “Hürriyet Spor Klubu”, “Gemlik İstiklal Spor Klubu”) mübarizə aparıb. Təmsilçimiz finalda Bursanın “DSİ Nilüfer Spor Klubu”na məğlub olaraq ikinci olub.

Komandamız Şahin  Çatmanın rəhbərliyi ilə martın 26-dək təlim-məşq toplanışını Əskişəhərdə davam edəcək və yoxlama oyunlarında gücünü sınayacaq. 

Qeyd edək ki, federasiya nümayəndəsi Məftun Salmanov, baş məşqçi Şahin Çatma və voleybolçularımız Əskişəhər rəhbərliyi və “Eskişehir DSİ Bentspor Klubu”nun prezidenti ilə də görüşüblər. Görüşdə birgə əməkdaşlığın davam etdiriləcəyi, qarşılıqlı təlim-məşq toplanışlarının və turnirlərin, yoldaşlıq oyunlarının təşkil olunacağı bildirilib.