UEFA milli çempionatlarla bağlı qərarını açıqladı
- 21 Apr 2020 21:00
- 717
Bu gün UEFA və ona üzv olan milli assosiasiyaların nümayəndələri arasında videokonfrans keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə koronavirus pandemiyası ilə bağlı yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Qitə futbol qurumundan federasiyalara milli çempionatları və ölkə kuboklarını yekunlaşdırmaq məsləhət görülüb. Burada bəzi istisnaların da mümkünlüyü nəzərə alınacaq. Lakin UEFA ilk növbədə avrokuboklara vəsiqələrin ədalətli şəkildə bölgüsü naminə milli birinciliklərin tamamlanmasının tərəfdarıdı. Yarışlar yayda yekunlaşmalıdı ki, növbəti mövsüm avrokubokda iştirak edəcək komandalar bəlli olsun. Avrokuboklarda bu mövsümün qalan oyunlarının isə avqustda keçirilməsi planlaşdırılır. Qitəmiqyaslı turnirlər milli çempionatlara yekun vurulduqdan sonra bərpa olunacaq.
Assosiasiyalarla növbəti videokonfransın mayda keçirilməsi qərara alınıb.
Qeyd edək ki, aprelin 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Məhz həmin iclasda bəzi vacib qərarların qəbul olunması gözlənilir.