UEFA "Qarabağ"ın adından niyə qorxur?!
- 04 Dek 2020 10:27
- 1928
“Pah, gör nə günə qalmışıq ki, “Qarabağ”ın heç-heçə etməsinə, bir xal qazanmasına da sevinirik” – bəli, aramızda belə düşünənlər var. Onları da qınamaq olmaz. Azarkeşin qələbə arzulaması, komandanın qarşısına böyük hədəflər qoyması normal davranışdı. Adam duyğularının əsirinə çevrilir, qələbə sevinci yaşamaq istəyir, məğlubiyyəti yaxına buraxmır. Müzəffər ordumuzun sentyabrın 27-də başlayan Vətən Müharibəsində bizə yaşatdıqlarından sonra qələbəyə olan ehtiyacımız və tələbkarlığımız daha da artıb. Amma...
Daha doğrusu, bu işin də çox mühüm “əmmaları” var ki, soyuqqanlı olanda onları birbalaca analiz edib, “Qarabağ”ın qazandığı bir xalın əhəmiyyətinin daha çox olduğunu anlayırsan. Azərbaycan çempionu bu mövsüm qrup mərhələsinin yeganə iştirakçısı idi ki, bütün oyunlarını səfərdə keçirirdi. Burasını hamınız bilirsiz. Pandemiyanın gətirdiyi çətinliklərin müşayəti ilə az qala hər həftə təyyarəyə minib, xarici ölkəyə səfər etmək böyük qəhrəmanlıqdı. Hazırda Bakıda elə bir vəziyyət yaranıb ki, adam evinin önündəki marketə getməyə çətinlik çəkir. İstanbulun yeni hava limanında isə eyni anda dünyanın bütün ökələrindən, bütün xalqlarından hər cür virusu özündə daşıyan sərnişin olur. Bu riski gözə almaq, bu psioloji gərginliklə səfərə çıxmaq, futbolu düşünmək özü qəhrəmanlıqdı.
“Makkabi”ylə dünənki oyunda “Qarabağ”ın ehtiyat oyunçular skamyasında cəmi altı futbolçu var idi. Onlardan biri qapıçı Emil Balayev idi, digəri koronavirusa yenicə qalib gələn Rahil Məmmədov. Ayxan Arazlı, Rauf Hüseynli Zamiq Əliyev adları isə heç kimə heç nə demir. Onların heç Azərbaycan Premyer Liqasında düz-əməlli oyun təcrübəsi yoxdu, nəinki Avropa Liqasının qrup mərhələsində. Allah göstərməsin, meydandakı futbolçulardan kimsə zədələnsəydi, yaxud da oyundan əvvəl koronavirusa yoluxsaydı, Elçin Rəhmanov bu gəncləri “döyüşə” atacaqdı. Bəli, bu dəfə qərarları Qurban Qurbanov yox, Elçin bəy qəbul edirdi. Çünki “Qarabağ”ın baş məşqçisi də koronavirusa yoluxduğuna görə komandasıyla birlikdə deyildi. Eyni səbəbdən “Qarabağ” Mahir Emrelini də, Maksim Medvedevi də, Abbas Hüseynovu da, Musa Qurbanlını da itirmişdi. Sadəcə, maraq üçün xatırladım ki, Tel-Əviv təmsilçisinin ehtiyat skamyasında tam 12 futbolçu əyləşmişdi.
Problem təkcə zədəlilər, yaxud koronavirusa yoluxanlarla bağlı deyildi. UEFA da bu mövsüm “Qarabağ”a qarşı daha aqressiv, daha amansız davranır. Qrupda keçirdiyimiz beş oyunun üçündə qapımızı penalti təyin olunub. Bunlardan azı ikisini yumşaq desəm, verməmək olardı. “Sivasspor”la ötən həftəki oyundakı penaltinin konkret nəyə görə təyin olunduğunu hələ də bilmirik. Dünən axşam isə irlandiyalı hakim Geryenin Kohenlə ikili mübarizəsində qayda pozuntusunu xüsusi “məharətlə” müəyyənləşdirdi. Artıq neçənci dəfədi ki, hakimlərin “Qarabağ”a qarşı çexiyalı Zelinka kimi davrandığına, haqsızlığa qol qoyduğuna şahid oluruq. Amma kimdi səsimizi eşidən?! Nurlan İbrahimova qarşı tutulan qərəzli mövqe, edilən haqsızlıq ortada. “Molde”nin Bakıya gəlmək istəməməsinə göz yuman, “Qarabağ”ı neytral meydana dartan UEFA eyni səbəbdən səfərə çıxmaq istəməyən Norveç millisinə texniki məğlubiyyət verdi.
Əlavə şərhə heç ehtiyac da qalmır. Adamlar bizimlə təkcə açıq müharibədə və “yaşıl meydan”larda mübarizə aparmır, kürəyimizə xəncər saplamağa da çalışırlar. Amma bizi məğlub edə bilməyəcəklər, əmin olsunlar!