Uels yığmasının kapitanı: "Azərbaycana qalib gəlməliyik"
- 21 Okt 2019 17:23
- 816
“Millinin son iki oyunundan kənarda qalmağım üzücü idi. Yəqin ki, bunu yaşayan digər futbolçular da eyni hissi keçirirdi”.
Rekord.az xəbər verir ki, bu sözləri Uels yığmasının kapitanı Eşli Uilyams deyib.
İngiltərənin “Bristol Siti” klubunun müdafiəçisi Britaniya mətbuatına açıqlamasında son oyunlarda millidən kənardan qalmasına münasibət bildirib. O, hazırda kapitanlıq sarğısının Qaret Beyldə olmasına baxmayaraq, hələ də özünü kapitan saydığını qeyd edib: “Mən hələ də millinin kapitanıyam. Yığmada oynamaq, komandaya kömək etmək istəyirəm. Klubumda yaxşı oynayıramsa, niyə də millidən kənarda qalım? Milli karyeramı bitirmək hələ müzakirə mövzusu deyil. Çünki seçmə mərhələ davam edir. Yalnız qrupdakı matçlar bitdikdən sonra bununla bağlı fikir bildirmək olar. Zamanı gələndə bu barədə ailəmlə, məşqçimlə söhbətim olacaq".
35 yaşlı futbolçu Avro-2020-nin seçmə mərhələsində yığmamızla keçiriləcək görüş haqda da danışıb: "Seçmə mərhələdə iki matçımız olacaq. Mən də tamamilə bu görüşlərə köklənmişəm. Hər şey çox sadədir. Son iki oyunda Azərbaycanla Macarıstana qalib gəlməliyik. İlk oyunumuz Azərbaycana qarşıdır. Bu oyun çox çətin olacaq. Ardınca Macarıstanla görüşəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.