Azərbaycanın Ukrayna əsilli qadın idmançıları Azərbaycanın idman ictimaiyyətindən kömək istəyiblər.

Rekord.az xəbər verir ki, karate üzrə olimpiya mükafatçısı, Avropa və dünya çempionu İrina Zaretska “İnstagram” hesabı vasitəsilə müraciət ünvanlayıb. O, həmyerliləri – qadın güləşçi Mariya Stadnik və cüdoçu İrina Kindzerskanın adından Milli Olimpiya Komitəsinə (MOK) müraciət edib. Zaretska paylaşımında Azərbaycan Milli Karate Federasiyasını, Azərbaycan Güləş Federasiyasını, Azərbaycan Cüdo Federasiyasını və yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun adını işarələyib.

Zaretska bildirib ki, artıq Rusiyanın Ukrayna qarşı başlatdığı müharibənin yeddinci günüdür:

“Bu müddətdə şəhərləri bombalayır, dağıdır, dinc sakinləri güllələyirlər. İnsanlar, uşaqlar ölür”.

O, hazırda Bakıda Ukraynaya göndərmək üçün toplanan humanitar yardım mərkəzində olduğunu deyib:

“Buraya gələrək lazımi dəstək göstərən insanlara minnətdaram. Kömək edənlərin sayı xeyli çoxdur. Bu dəstəyə görə çox təşəkkür edirəm. Amma federasiyalara və MOK-a müraciət etmək istərdim: Mən, İrina Kindzerska və Mariya Stadnik sizin idmançılarıq, illərdir Azərbaycanı təmsil edirik. Bütün yarışlarda bayraq qaldırır, yüksək nəticələr göstərir, Azərbaycanın şərəfini qoruyuruq. İndi bizə sizin köməyiniz və dəstəyiniz lazımdır. Xahiş edirəm, kənarda qalmayın. Hazırda humanitar yardımın toplandığı barədə idman ictimaiyyətini məlumatlandırın. Köməklik etmək istəyən çoxlu insan var. Sadəcə, bunu necə etməli olduqlarını bilmirlər. Ukraynanın Azərbaycandakı səfirliyinin önündə humanitar yardım mərkəzi fəaliyyət göstərir. Yardımın toplanması həftə sonunadək davam edəcək. Fikrimcə, köməklik göstərə biləcək daha çox insan var. Çox sağ olun”.