“Mingəçevir Reqatası”nın Suqovuşan mərhələsini izləmək üçün Suqovuşana gələn Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Rekord.az-a müsahibə verib:

 

- Cənab səfir, Suqovuşan səfəri ilə bağlı təəssüratlarınızı bizimlə də bölüşərdiniz...

- Təxminən yarım il yarım öncə Azərbaycanda akkreditasiya olunmuş digər ölkələrin səfirləri ilə birlikdə burada olmuşdum. Eyni zamanda Ağdamda da olmuşam. Yəni ilk dəfə deyil ki, azad olunan torpaqlara gəlirəm. Təəssüratım çox müsbət. Görürəm ki, beynəlxalq yarış təşkil olunur, infrastruktur yaradılır. 1.5-2 il əvvələ baxanda görmək olar ki, bu müddətdə fantastik işlər aparılıb. Mənə bu ərazilərin turizm potensialı, relyefi maraqlı idi. Görürəm ki, bu potensialdan kifayət qədər yaxşı istifadə edirsiniz. Yaxşı mənada sizə həsəd aparıram və ümid edirəm ki, biz də öz işğaldaolan torpaqlarımızı azad edəndən sonra sizin kimi, tikinti işləri aparacayıq.

- Ukrayna komandası çox kiçik heyətlə təmsil olunur. Bunun əsas səbəbi nədir?

- Biz hazırda müharibə şəraitində olan ölkəyik. 18 yaşdan yuxarı hər kəs müharibədə iştirak edir. Ona görə də bu yarışa geniş tərkibdə qatıla bilmədik. Amma heyətimiz kiçik olsa da, bu gün təmsilçimiz 4-cü yer tutdu. Hələ qarşıdakı iki gün ərzində Mingəçevirdə də yarışlar olacaq. Düşünürəm ki, bu yarışda iştirak bizim idmançılarımız üçün həm idman təcrübəsi, həm də qonaqpərvər, qardaş Azərbaycanla tanış olmaq baxımından çox vacib fürsətdir.

- Şəxsən sizin idmanla aranız necədir?

- Gəncliyimdə idmana məşğul olmuşam. İdmanın konkisürmə növü ilə. Çünki Kiyevdəki evimiz buz arenasına yaxın idi. İdman ustası dərəcəm də var. Lakin sonradan zədələr daha irəli getməyimə imkan vermədi.

- Futbola münasibətiniz...

- Futbol xüsusi yer tutur. Biz hətta "Dinamo" Kiyevin Azərbaycanda yoldaşlıq görüşü keçirməsini də nəzərdə tutmuşdu.

- Planlaşdırırsınız, yoxsa ideya olaraq deyirsiniz?

- İdeya dəqiq var. Bu il planlayırdıq, amma alınmadı, növbəti il çalışacağıq ki, Kiyev “Dinamo”sunun Bakıya səfərini təşkil edək və burada sizin güclü komandalarınızdan biri ilə yoldaşlıq görüşü keçirək. Bilirsiniz kimi, Azərbaycan çempionu “Qarabağ” Avropada uğurla çıxış edir. O cümlədən “Dinamo” da Avropa Liqasında yaxşı çıxış edir. Ona görə mövsüm ərzində müvafiq vaxt tapa bilmədik. Amma bu il alınmasa belə, növbəti il bunu reallaşdırmağa çalışacağıq.

 

Anar XANLAROV, Suqovuşan