Ümid edirəm ki, "Zirə"... QEYD
- 12 İyl 2024 13:00
- 310
2024-2025-ci il avrokuboklara "Zirə" ilə start verdik. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda dünən Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Şerif"ini məğlub etdi. Özü də səfərdə. Kifayət qədər uğurlu başlanğıc sayıla bilər. Etiraf edək ki, püşk də Zirə təmsilçisinə ciddi rəqib qismət etmişdi. "Şerif" həm tarixinə, həm nəticələrinə, həm də beynəlxalq təcrübəsinə görə "Zirə"dən çox üstündür. Bir neçə il bundan qabaq Çempionlar Liqasında səfərdə "Real"ı məğlub edən komandadan söhbət gedir. Unutmayaq ki, daha öncə bu komanda bizim ən güclümüz hesab olunan "Qarabağ"a da rəqib olub və Ağdam təmsilçisinə də kifayət qədər problem yaratmağı bacarıb. Bu baxımdan "Zirə" üçün səfərdə heç-heçə də yaxşı nəticə sayıla bilərdi. Lakin Sadıqovun komandası gözləniləndən yaxşı oyun və nəticə ortaya qoydu. Təmsilçimiz demək olar ki, rəqibə ciddi üstünlük vermədi. Müdafiədə Renata və Aka keçilməz idi. İsmayıl İbrahimli bəlkə də "Zirə"yə gələndən bəri ən yaxşı oyununu oynadı. Qismət Alıyev də kapitan kimi işinin öhdəsindən gəldi. İssa Cibrilla şübhəsiz, oyunun ən yaxşısı idi. "Şerif"in orta və arxa xətti onun qarşısında çox əziyyət çəkdi. Volkov oyun planında ciddi heç nə ilə yadda qalmadı, amma son dəqiqələrdə ən azı təcrübəsi bir işə yaradı. Yekun isə gözlədiyimizdən də yaxşı oldu. Bir sözlə, Rəşad Sadıqovun düzgün taktiki seçimi və futbolçuların bu taktikanı demək olar ki, qüsursuz icrası nəticəyə müsbət mənada birbaşa təsir elədi. Düşünürəm ki, "Zirə" işin çətin tərəfini həll elədi. Artıq hər mənada üstünlük bizim tərəfimizdədir. Hesab, meydança və azarkeş üstünlüyümüz olacaq. İtirməyə heç nəyi olmayan "Şerif" qol üçün irəli atılacaq. Kİ, bu da "Zirə"yə rəqibi əks-hücumlarda tutmaq üçün geniş imkanlar verəcək. Qısası, səbrli, təmkinli. öz oyununu oynayıb, 90 dəqiqə gözləməlisən. Ümid edirəm ki, "Zirə" belə şansı əldən verməyəcək...
Anar XANLAROV