Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.


Rekord.az xəbər verir ki, idmançıların və məşqçilər heyətinin psixoloji, fiziki və zehni sağlamlığını dəstəkləmək, onların şəxsi və peşəkar inkişafını təşviq etmək məqsədilə ölkənin aparıcı psixoloji və kouçinq mərkəzi olan "İnsun" Yaşam Mərkəzi ilə razılaşma əldə olunub.


Sənədə əsasən, federasiyanın tərkibində olan su idman növləri ilə məşğul olan milli komandanın üzvləri bu mərkəzdə davamlı olaraq xüsusi seminar və seanslarda iştirak edəcək, yarışlar öncəsi psixoloji durumlarının daha da yaxşılaşdırılması üçün xüsusi təlimlər keçəcəklər.


Əməkdaşlıq memorandumunun imzalanması mərasimində "İnsun" Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova, AÜF-ün vitse-prezidenti Tamerlan Abdullazadə və baş katib Fəxri Həsənov iştirak ediblər. Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.