Dünən elə günün bu saatlarında xanım həmkarlarımızdan biri müraciət etdi. “Qarabağ”ın “Bayer”lə oyunu barədə fikirlərimi və proqnozumu soruşurdu. Düşündüklərimi dedim. Bu çətin qarşılaşma ilə bağlı fikir söyləmək həm çətin idi, həm də asan. Çətin ona görə idi ki, rəqibimizin gücünü bilirdik. Reallıqlar bizim üçün pozitiv heç nə vəd etmirdi. Amma işimizi asanlaşdıran çox vacib bir məqam vardı. O məqam da “Qarabağ”ın başında duran sərkərdə Qurban Qurbanova olan inamımız, komandanın stadionu dolduracaq azarkeşlərdən və ekran başında bu görüşü izləyənlərin dualarından alacağı ilham idi. Məhz bu məqamlara görə mən “Qarabağ”ın doğma meydanda “Bayer”ə uduzmayacağına inanırdım. Elə xanım həmkarımızın sualının cavabında bunu dedim: “Qarabağ” uduzmayacaq, heç-heçəyə inanıram”...

 

...Bakının soyuq axşamında 30 mindən çox azərbaycanlı bir ünvana doğru tələsirdi. Həmin ünvan Tofiq Bəhramovun adını daşıyan Respublika stadionu idi. Damcıları buz kimi olan güclü yağış, soyuğu iliyimizə kimi ötürən sazaqlı külək də bu yolda əngəl ola bilmirdi. Kütlə dayanmadan irəliləyir, tarixi axşamın şahidi olmağa tələsirdi. Bu tələskənlik həm də vəfa borcunu özündə daşıyırdı. Hamı “Qarabağ”ın qarşısında bir borc daşıdığının fərqində idi. Tribunada yer almaq, soyuğa və yağışa dözmək, islanmış oturacaqları boş qoymamaq həvəsi hamını metronun “Gənclik” stansiyasının ətrafına doğru istiqamətləndirmişdi. Bu 30 mindən artıq kütlənin arasında müxtəlif yaşda, müxtəlif sosial statusda olanlar var idi. Stadionunun ətrafında gördüyüm avtomobil seriyalarından və nömrələrindən bəlli idi ki, gələnlər arasında yüksək vəzifə sahibləri çoxluq təşkil edir. Özü də onların əksəriyyəti oyuna öz ailə üzvləri, övladlarıyla gəlmişdi. Bu insanları eyni istiqamətə doğru yönəldən də o dəyərə, yəni “Qarabağ”a bəslədikləri inam idi. 

 

96 dəqiqə davam edən nəfəskəsən oyun haqda çox danışmaq olar. Artıq siz də bilirsiz ki, “Qarabağ”ın büdcəsiylə “Bayer”in büdcəsi arasında yerlə-göy qədər fərq var. Mən hələ büdcəni bir kənara qoyub, bu iki komandanın mübarizə apardığı çempionatlar arasındakı uçuruma toxunmaq istəyirəm. “Bayer” bir neçə həftə bundan əvvəl “Bavariya”nın daşını daş üstə qoymadı. Amma bizim çempionatda hansısa rəqib “Qarabağ”a azca müqavimət göstərəndə sevinirik. Bizim azarkeşlər yayda “Qarabağ”ı transfer bazarından ləng davranmasına görə qınamağı sevirlər. Unudurlar ki, Azərbaycana yaxşı, səviyyəli legioner gətirmək asan deyil. “Neftçi”nin, “Sumqayıt”ın, “Sabah”ın ölkə çempionatına doldurduğu legionerlərə baxın. Onlarla “Bayer”in qarşısına çıxmaq olar? Belələri heç axsayan “Beşiktaş”ın, quruca adı qalan “Partizan”ın qarşısında duruş gətirəcək səviyyədə deyillər.

 

“Qarabağ” Andrey Lunyovu transfer edəndə də ağız büzürdülər. Deyirdilər ki, rusiyalı qapıçı meydana çıxmır, heç kimə lazım deyil. İndi həmin o Lunyov Avropa Liqasının ən yaxşılarındadır. Özü də finala bir neçə addım qalmış. Hələ siz Juninyoya baxın. “Qarabağ” onu Portuqaliyanın ortababı sayılan “Çaves”dən gətirib. Heç kimi tanımadığı hücumçu indi adından söz etdirir. Dünən onun oyununa baxa-baxa İngiltərə kralı “Uzunayaqlı Eduard”ı xatırlayırdım. Juninyo uzun ayaqları ilə “Bayer”in qapısına doğru elə şığıyırdı ki, almanlar izinə-tozuna da çata bilmirdi. İnşallah, o ayaqlar “köhlən atlar”ı da, azərbaycanlı futbolsevərlərin arzularını da çox uzaqlara aparacaq!