Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilib
- 03 Apr 2021 22:03
- 1303
Ölkəmizdə idman dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır”.
Naxçıvan Muxtar Respublikası ölkəmizin idman mərkəzlərindən birinə çevrilib. Muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. İdman infrastrukturu daim təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə qəbul olunmuş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” bu tədbirlərin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 3-də Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov çıxış edərək deyib: Son illər Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazası xeyli gücləndirilib. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir, 35 mindən artıq idmançı 2213 qrupda idmanla məşğul olur. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, 17 stadion, 27 mini-futbol meydançası, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, peyntbol meydançaları, yeni tikilən tam orta məktəblərdə müasir idman zalları yaradılıb, yeni olimpiya ağırlıqqaldırma qurğuları və 967 sadətipli idman avadanlıqları istifadəyə verilib. Muxtar respublikada bütün idman növləri ilə yanaşı, futbol idman növünə göstərilən diqqət və qayğı sayəsində bu sahədə əsaslı irəliləyişlər olub. Uzunoba Təlim-Məşq İdman Kompleksinin inşası da bu sahədə görülən işlərin nəticəsidir. Azad Cabbarov idmanın inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublikanın idman ictimaiyyəti adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycanda idman sahəsində görülən tədbirlər gənclərin sağlam böyüməsinə xidmət edir. Bu da ölkəmizin gələcəyi deməkdir. Muxtar respublikada da gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam böyümələri, zərərli vərdişlərdən uzaq olmaları və idmana cəlbi sahəsində ardıcıl tədbirlər görülür. Görülən işlər və yaradılan şərait artıq öz nəticəsini verir. İdman federasiyalarında yüzlərlə gənc müxtəlif idman növləri ilə məşğul olur. "2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində müvafiq idman klublarının yaradılması davam etdirilir. Proqrama əsasən tikilib istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksi də gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə hesablanıb. Bundan başqa, rayonlarda stadionların qurulması işləri davam etdirilir. Federasiyaların rayonlararası keçirdiyi yarışlarda gənclərin fəallığı, eyni zamanda muxtar respublika federasiyalarında təmsil olunan gənclərin ölkə səviyyəli və Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlardakı nəticələri onu deməyə əsas verir ki, Naxçıvanda idmanın inkişafı lazımi səviyyədədir.
Ali Məclisin Sədri deyib: Təlim-Məşq İdman Kompleksinin qurulub istifadəyə verilməsi muxtar respublikada yenilikdir. Baxmayaraq ki, Naxçıvan və Şərur şəhərlərində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Lakin təlim-məşq kompleksi muxtar respublikada ilk dəfədir, istifadəyə verilir. Yaradılan şərait imkan verəcək ki, həm yay aylarında burada çimərlik idman növlərindən istifadə olunsun, həm də ilin bütün fəsillərində idmanın müvafiq növləri ilə bağlı məşqlər keçirilsin. Bunlar gənclərdə idmana maraq yaradacaq, onlar asudə vaxtlarını səmərəli keçirəcək və ən əsası sağlam böyüyəcəklər.
"Bu gün təhsilin inkişafı gənclərin sağlam böyüməsindən asılıdır. Əgər onlar sağlam həyat tərzi keçirirlərsə, deməli, yaxşı təhsil ala biləcək, ailələri, cəmiyyət və dövlət üçün yararlı vətəndaşa çevriləcəklər",- deyən Ali Məclisin Sədri kompleksin qurulmasının əhəmiyyətini vurğulayıb, görülən işlərdə əməyi olanlara təşəkkür edib.
Sonra kompleksə baxış olub. Məlumat verilib ki, tikintisinə ötən ilin avqust ayında başlanılan təlim-məşq idman kompleksinin ümumi sahəsi 10 min 300 kvadratmetrdir. Kompleksin ərazisinə inzibati bina, süni örtüklü böyük futbol stadionu, üstüörtülü və çəpərlənmiş mini-futbol meydançaları, ikitribunalı çimərlik futbolu stadionu daxildir. İnzibati binada direktor, koordinator, məşqçi, ictimaiyyətlə əlaqələr, hakimlər komitəsi, yarışların keçirilməsi şöbəsi, mühafizə və digər köməkçi otaqlar, proyektorla təmin olunan 40 yerlik iclas zalı vardır.
Böyük futbol stadionunun eni 50, uzunluğu isə 99 metrdir. Stadionda tamaşaçılar üçün 65 oturacaqdan ibarət tribuna qurulmuş və ehtiyat oyunçular üçün hər biri 12 oturacaqdan ibarət 2 yer ayrılmışdır. Üstüörtülü futbol meydançasının örtüyü dörd tərəfdən aqreqatlar vasitəsilə qaldırılır. Eni 30, uzunluğu isə 40 metr olan çimərlik meydançasında 146 və 80 oturacaqdan ibarət 2 tribuna vardır. 146 nəfərlik tribunada 2 qarderob, hakim, həkim və digər köməkçi otaqlar yerləşir. İnzibati bina və stadionlar müasir işıqlandırma və videokamera sistemləri ilə təchiz edilib.
Kompleksdəki stadionlar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının standartlarına tam cavab verir və beynəlxalq yarışlar üçün uyğundur.
Ali Məclisin Sədri kompleksdə muxtar respublika və beynəlxalq səviyyəli yarışların təşkili, müvafiq idman federasiyaları tərəfindən məşqlərin keçirilməsi, kompleksin internet saytının yaradılması və qurulanların qorunması ilə bağlı tapşırıqlar verib.