Bir müddət əvvəl "Sumqayıt"ın aşağı yaş qruplarında məşqçilik edən Rəşad Muradovla yeniyetmə futbolçulardan birinin - Hüseyn Hüseynovun valideyni ilə problemi yaşanmışdı, nəticədə mütəxəssis istefa verərək klubu tərk etməli olmuşdu. Həmin şəxs özünü AFFA-da yüksək post tutan bir məmurun qohumu kimi təqdim edir, övladının bu səbəbdən əsas heyətdə oynamalı olduğunu iddia edirdi. Muradov uşağın istedadsız olduğunu, hətta buna rəğmən normadan artıq oynadıldığını, əlavə şans verildiyini də qeyd etmişdi. Amma valideyn bununla yetinməmiş, polis və digər orqanlara şikayət etmiş, bununla yanaşı, intihar etməklə təhdid etmişdi. 

 

Rəşad Muradov belə əsassız təhdidləri qəbul etməyərək istefa vermiş, başqa kluba keçməyə qərar vermişdi. Bir müddət aralarda görünməyən valideyn bugünlərdə yenə ortaya çıxıb. Yenidən, bu dəfə digər məşqçiləri ittiham etməyə, işlərinə mane olmağa başlayıb. Klubun akademiyasının rəhbəri Hakan Sünalla problemlər yaşayan vətəndaş, bəzi klub rəsmilərini də narahat edir, müxtəlif həqiqətə uyğun olmayan, əsassız iddialar irəli sürür, qarışıqlıq yaradır. 

 

"Rekord.az" olaraq indiyə qədər "Sumqayıt" klubunun fəaliyyətindəki problemləri işıqlandırmış, səhvlərini yazmış, yetərincə tənqid etmişik. Ancaq hesab edirik ki, məhz bu məsələdə valideyn tərəfindən kluba qarşı yönələn ittihamlar əsassızdır. Əldə etdiyimiz məlumata görə, bütün digər məşqçilərin də fikirləri eynidir: həmin uşaq həqiqətən də əsas heyətdə oynamağa layiq deyil və məhz azyaşlı olduğu, futboldan tamamilə uzaqlaşmaması, onda həvəsin itməməsi üçün komandada saxlanılır. Valideynin bu cür addımları isə işi daha da çətinləşdirir. 

 

Aşağıda sizə həmin valideynin məşqçilərlə son mübahisəsinin video görüntüsünü təqdim edirik: