“VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı” – “Kəpəz”in futbolçusu
- 02 Noy 2024 19:15
- 150
“Hakimin simpatiyası açıq-aşkar rəqibə tərəf idi. Verilməyən penaltilərimiz oldu. Bütün ikili mübarizələrdə hakimlər meydan sahiblərinin xeyrinə qərar verirdilər”.
Rekord.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Rauf Hüseynli “Turan Tovuz”la oyunda yaşananlara münasibət bildirərkən belə deyib. Müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında komandasının yaxşı oyunu ilə yanaşı, matçın hakim idarəçiliyi ilə gündəmə gəldiyini söyləyib:
“Komanda şəklində yaxşı oyun sərgilədik, final fitinə kimi səylə mübarizə apardıq. Konkret, mənimlə bağlı epizodda rəqib arxadan zərbə endirdi. Rəqib oyunçu topla aidiyyatı olmadan sırf mənə qarşı kobud oynadı. VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı. Belə hakimlərin liqada oyun idarə etməsi nə dərəcədə düzdür, bilmirəm. Amma bunun bizə aidiyyatı yoxdur, müvafiq qurumlar hakimliyi araşdırmalıdırlar. Biz öz işimizi görməyə davam edəcəyik. Üzərimizdə daha çox işləyib irəli getməliyik. İnşallah, gələn oyunlarda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Rauf sabah Tovuzda “Səbail”lə keçiriləcək oyun barədə də danışıb:
“Hazırlığımız yaxşı keçib. Komandada ab-hava yaxşıdır, hər şey qaydasındadır. Belə hadisələr bizim üçün yaxşı motivasiya mənbəyi olur. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanıb həm azarkeşləri sevindirək, həm də turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıraq”.