VAR sisteminin alternativi varmı? ARAŞDIRMA
- 18:00
- 30
FİFA-nın məlumatına və FİFA Hakimlər Komitəsinin sədri Pierluiji Kollinanın müsahibəsinə əsasən VAR sisteminə oxşar yeni sistemin mümkün tətbiqi son dövrlərdə anons edilmişdir. Bu futbol camiəsində maraqla qarşılanmış və VAR sisteminin mümkün əvəzedicisinin yaranması kimi təqdim edilmişdir. Bu sistem FVS (“Football Video Support”) – “Futbola Video Dəstək” sistemi adlanır. Bəs bu yeni sistemin məqsədi nədir? Yeni sistem VAR-ın gələcəyinə necə təsir edəcək? Yeni sistemin tətbiqi futbola nə verəcək? Bu suallara cavab tapmaq üçün “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin VAR sisteminin məqsədləri, gələcək perspektivi, yeni yaranan FVS sisteminin inkişafı və bu sistemlərin müqayisəsi barədə araşdırmasını sizlərə təqdim edirik.
2009-cu
ildə Fransa ilə İrlandiya arasında keçirilən Dünya Kuboku seçmə oyununda Tieri
Anrinin aşkar əl ilə etdiyi qayda pozuntusundan sonra Villiam Qallasın
İrlandiya qapısına vurduğu qələbə qolunu hamımız yaxşı xatırlayırıq. Fransa bu
yolla 2010 Dünya Kubokunun final mərhələsinə vəsiqə əldə edən zaman hamı başa
düşmüşdü ki, belə aşkar hakim səhvlərinə görə yeni texnologiyaların tətbiqi
qaçılmaz olacaq. Bu vaxta qədər FİFA və futbol oyun qaydalarının tənzimlənməsi
ilə məşğul olan İFAB futbolda texnologiyaların tətbiqinə qarşı tam gücləri ilə
mübarizə aparır və bunu əngəlləməyə çalışırdılar. Amma video texnologiyaların
mütəmadi inkişafı və digər idman növlərində video təkrarlardan istifadə təcrübəsi
futbolda texnologiyaların istifadəsini qaçılmaz etdi.
Hamının
gördüyü amma hakimlərin bir anın içində görə bilmədiyi oyun epizodları VAR
sisteminə ehtiyacı vurğulayırdı. Həmçinin, futbol icması, xüsusilə klublar və
azarkeşlər bu yeniliklərin tətbiqini tələb edirdilər. Bununla belə, VAR
sisteminin bu gün gördüyümüz hala gəlməsi üçün uzun illər vaxt lazım oldu. Bu təsadüfü
deyil. FİFA futbolda qaydalar səviyyəsində etmək istədiyi bütün dəyişiklikləri
rəsmi prosedur ilə təsdiq etməlidir və burada əsas söz sahibi kimi müstəqil təşkilat
olan İFAB çıxış edir.
İFAB
öncə mümkün dəyişiklikləri rəsmi təklif səviyyəsində qəbul edir. Sonra İFAB tədqiqat
proqramları çərçivəsində FİFA ilə birlikdə mümkün dəyişiklikləri real
yarışlarda (adətən aşağı yaş qrupları üzrə yığmalar səviyyəsində olan yarışlar)
test edir. Bu testlər İFAB-ın texniki alt komitəsinin nəzarəti və bilavasitə rəhbərliyi
altında baş verir. Təsadüfü deyil ki, bu alt komitədə faktiki olaraq, dünya
futbol hakimliyinin idarəçiləri toplaşıb. Bunlar arasında FİFA Hakimlər Komitəsinin
sədri Pierluiji Kollina, FİFA hakimlər departamentinin rəhbəri Massimo Buzakko,
İFAB-ın texniki direktoru Devid Ellerey və İFAB-ı formalaşdıran əsas 4 Birləşmiş
Krallıq ölkələrinin hakimlər üzrə rəhbər şəxsləri (İngiltərədən H.Veb,
Şotlandiyadan V.Kollum, İrlandiyadan M.Rayli və Uelsdən F.Tomas) yer alır. Həmçinin,
texniki testlər mərhələsi zamanı mümkün dəyişikliklərin bilavasitə futbola və
futbol hakimliyinə necə təsir edəcəyi İFAB-ın iki məşvərət panelində müzakirə
edilir və tövsiyələr İFAB-a təqdim edilir. Bu panellərdən biri futbol məsləhət
paneli adlanır və Arsen Venger, Luiş Fiqu və digər tanınmış futbol adamlarından
ibarətdir. Digər texniki məsləhət paneli isə 6 konfederasiyanın hakimlik üzrə rəhbərlərini
birləşdirir və onların sırasında UEFA hakimlərinin rəhbəri Roberto Rozetti də
yer alır. Əslində bu şəxslər öz qitələrində aparılan testlərə rəhbərlik edir, nəticələri
barədə İFAB-a mütəmadi məlumat və hesabat verən əsas adamlardı. Beləliklə,
yalnız texniki testləri, məsləhətləşmə və müzakirələri keçən mümkün oyun dəyişiklikləri
İFAB Baş Assambleyasında təsdiq edilir. Texniki və texnoloji tətbiqləri nəzərdə
tutan dəyişikliklər isə həmçinin, FİFA Keyfiyyət Proqramının (“FİFA Quality
Programme) təsdiqini almalıdır.
Qısası,
niyə bu uzunmüddətli proseduru sadalayırıq?! Çünki, VAR sistemi belə mürəkkəb inkişafı
yolu keçərək, 2016-cı ildə təsdiq edilib. Həmin iclasda İFAB katibi Lukas Brud
söyləmişdi ki, müasir stadionlarda 4G, wifi və video texnologiyalar olan dövrdə
biz hər kəsin anında görə biləcəyi səhvlərdən hakimləri müdafiə etməliyik.
Amma
VAR sisteminin bu uzun yolu hələ 2010-cu ildə Niderlandın Kral Futbol
Assosiasiyasının "Hakimlik 2.0" layihəsi ilə başlayıb. Sistemin əsas
dəstəkçisi olan “uçan hollandlar” 2016-cı ildə PSV ilə FC Eindhoven arasında
keçirilən yoldaşlıq oyunu ilə VAR-ı ilk dəfə sınaqdan keçiriblər. Daha sonra
2017-ci ildə FIFA Konfederasiyalar Kuboku və nəhayət, 2018 FIFA Dünya Kubokunda
VAR tam şəkildə tətbiq olunub.
Yuxardakı
inkişaf yolu yeni FVS sistemi üçün eyni olacaq və onun rəsmi təsdiqi hələ bir
neçə il vaxt aparacaq. Bununla belə söyləmək vacibdir ki, FVS artıq öz
inkişafına başlayıb və ilkin testlər bitib. Düzdür, İFAB 2023-cü ildə Baş Assambleyada
yeni sistemin tətbiqinə icazə verəndə bu sistemin adı müəyyən edilməyib. İFAB
sadəcə olaraq, video təkrar texnologiyalarının hakimlərə əlavə dəstək imkanları
üçün testlərə qərar verib. Belə görünür ki, bu testlər artıq FVS adını alıb və
rəsmi yarışlarda sınaqdan keçirilir.
Bəs
yeni FVS nədir və bu sistem niyə yaranır?
Qısa
şəkildə başa düşmək üçün FVS sisteminin razılaşdırılmış iş prinsipi və oyunlarda
addımlar ardıcıllığını təqdim edirik:
1.
FVS sistemi VAR-da olduğu kimi yalnız aşağıdakı
senarilərdə mümkün aydın və aşkar bir səhv və ya qaçırılmış ciddi hadisələr zamanı
istifadə olunur: Qol/qol deyil; Penalti/verilməyən penalti; Birbaşa
qırmızı vərəqələr (ikinci sarı vərəqə daxil deyil); Yanlış müəyyən etmə (hakim
səhv oyunçunu xəbərdar etdikdə və ya meydandan kənarlaşdırdıqda).
2.
Hakim qərar verdikdən (oyunu davam etdirmək jesti də
qərar hesab olunur) sonra komanda epizoda təkrar baxmaq üçün müraciət etdikdə
istifadə olunur.
3.
Yalnız komandanın baş məşqçisi
(və ya onun olmadığı halda, texniki zonada olan əsas komanda nümayəndəsi) təkrar
baxmaq üçün müraciət edə bilər. Bu müraciət oyun epizodundan dərhal sonra, baş
məşqçi tərəfindən baş barmağı yuxarı havaya qaldırmaq və tələb kartını dördüncü
hakimə təqdim etməklə edilməlidir. Lakin hər bir oyunçu baş məşqçidən təkrar
baxmaq tələbini etməyi xahiş edə bilər. Çünki oyunçular oyun epizoduna yaxın
olduğundan hadisəni daha yaxşı görürlər.
4.
Dördüncü hakim təkrar tələbini hakimə bildirəcək və
əgər oyun epizoddan sonra dayanıbsa, (və yenidən başlamayıbsa), hakim VAR sistemində
olduğu kimi monitora yaxınlaşaraq, təkrar görüntünü izləyəcək. Epizoddan sonra
oyun dayanmadan davam edirsə, hakim top neytral zonada olduqda oyunu
dayandıracaq və monitora gedərək təkrar görüntünü nəzərdən keçirəcək.
5.
Təkrar baxış zamanı görüntü hakimə operatorun köməkliyi
ilə təqdim ediləcək. Operator monitorda fərqli
təkrar görüntüləri (məsələn, müxtəlif kamera bucaqları, bölünmüş ekran, fərqli təkrar
sürətləri və s.) nümayiş etdirəcək.
6.
Hakimin verdiyi ilkin qərar yalnız təkrar görüntülər
açıq sübutlarla qərarın açıq və ya aşkar səhv olduğunu və ya qaçırılmış ciddi
hadisə olduğunu nümayiş etdirərsə, dəyişdiriləcək. FVS sistemi az sayda kamera
istifadə etdiyindən təkrar görüntülər tez-tez qane edici olmaya bilər və bu
halda hakim ilkin qərarı dəyişdirməyə bilər.
7.
Təkrar baxış tələbi dərhal edilməlidir ki:
o Oyun
Qaydalarının tələbinə uyğun olaraq oyun dayandıqdan sonra yenidən bərpa
edildikdə qərar dəyişdirilə bilməsin;
o Komandanın
baş məşqçisi təkrar baxış tələbi edib-etməməyi düşünərkən oyunun lüzumsuz
gecikməsinin qarşısı alınsın.
8.
Qol vurulduqdan sonra dördüncü hakim monitorda
görüntüləri yoxlayacaq, açıq və ya aşkar qayda pozuntusu olduğu təqdirdə hakimə
məlumat verəcək. Bu halda qərar yozuma açıq epizoddursa, hakim özü baxıb, yekun
qərarı verəcək.
Əlavə
olaraq, onu qeyd edək ki, hər komanda yalnız 2 dəfə (test mərhələsində belə
razılaşdırılıb, gələcəkdə dəyişdirilə bilər) təkrar baxış tələbi irəli sürə bilər.
Bu tələb nəticəsində komanda haqlı olarsa, baxış tələbi üçün cəhd itirilməyəcək.
Bəs
VAR və FVS sistemləri arasında fərq nədən ibarətdir?
VAR
və FVS-nin müqayisəli təhlili:
Bu
suala cavab tapmaq üçün VAR və FVS sistemlərinin məqsədləri və mümkün fərqləri
aşağıda təhlil edilmişdir.
Ümumilikdə,
həm VAR, həm də FVS texnologiyaları futbol hakimliyində ədaləti və dəqiqliyi
artırmaq məqsədi daşıyır. Onların konseptual məqsədləri və oyun zamanı tətbiq
ardıcıllığı çox oxşardır. Lakin onların əhatə dairəsi, məsrəfləri və tətbiq
prinsipləri fərqlənir.
VAR
Sistemi
1. Məqsəd:
VAR sistemi "aydın və aşkar" səhvləri müəyyən etmək üçün istifadə
olunur.
2. Texnologiya
və Proses:
o
Stadionun müxtəlif yerlərində bir neçə kamera
quraşdırılır. Minimum 6-8 kamera tövsiyə olunur.
o
Video görüntülər mərkəzi video əməliyyat otağına real
vaxt rejimində göndərilir.
o
Hakimlər VAR müdaxiləsi olduğu halda meydanda
quraşdırılmış monitorlar vasitəsilə epizodları təkrar izləyir.
o
Yekun qərar bütün hallarda meydan hakiminə məxsus
olur.
o
Komandalar heç bir halda sistemin işləməsinə və
hakim qərarlarına təsir edə bilməzlər.
o
VAR hakimləri "aydın və aşkar" səhvlərin
qarşısını almaq üçün oyunu daim izləyir.
3. Tətbiqi
və çətinliklər:
o
VAR sistemi əsasən böyük yarışlarda tətbiq olunur.
o
VAR sisteminin tətbiqi yalnız İFAB-ın təsdiq etdiyi
təlimat və VAR protokolunun tələbləri təmin edilməklə istifadə oluna bilər. Burada
heç bir istisna mümkün deyil.
o
Dəqiqliyi 99.3%-ə qədər artırır, lakin oyunda
mümkün (VAR müdaxiləsi və VAR yoxlamaları) dayanmalar yaradır və komandalar qərarların
qəbul edilmə prinsiplərini tam başa düşməmələri səbəbindən onlarda qeyri-müəyyənlik
yarana bilir.
o
Ən əsası, VAR yüksək xərclər tələb edir, texniki
avadanlıqların xüsusi tələbləri və sertifikatları var. Adətən bu avadanlıqlar
çox bahadır və bir neçə milyon ABŞ dolları həcmində xərcə səbəb olur. Bu səbəbdən VAR-ın kiçik
liqalarda tətbiqi çətinləşir.
FVS
Sistemi
1. Məqsəd:
FVS kiçik büdcəli liqalar və turnirlər üçün əlçatan,
ucuz alternativdir.
o
VAR protokolunun əsas prinsiplərinə əməl edir,
lakin daha məhdud tələblər qoyulur.
2. Texnologiya
və Əlçatanlıq:
o
Daha az kamera istifadə olunur. Minimum 3 kamera
tövsiyə edilir.
o
Daha sadə və ucuz texnoloji imkanları sayəsində istənilən
stadion üçün uyğundur.
3. Tətbiqi:
o
Daha kiçik büdcəli liqalar və regional turnirlər
üçün nəzərdə tutulur.
o
VAR sisteminə nisbətən çox az infrastruktur tələb
edir.
o
Minimum 3 kameralı çəkiliş görüntülərini hakimin
baxması üçün monitorda nümayiş etdirmək kifayətdir.
o
Təkrara baxış tələbini komandalar edir.
VAR
və FVS Arasındakı Əsas Fərqlər
Sistemin adı: |
VAR |
FVS |
Mürəkkəblik |
Geniş kamera şəbəkəsi və mərkəzləşdirilmiş video əməliyyat otağı. |
Az sayda kamera, sadə infrastruktur. |
Xərclər |
Yüksək. |
Aşağı. |
Tətbiq Sahəsi |
Əsasən elit yarışlar üçün uyğundur. |
Əs kiçik liqalar üçün əlverişlidir. |
Oyunun Ritmi |
Tez-tez fasilələrlə oyunun axarını poza bilər. |
Yalnız komanda tələbi ilə daha az dayanma olur. |
Yekun
nəticə:
Müqayisə
aydın şəkildə göstərir ki, FVS sistemi VAR-ın sadələşdirilmiş versiyası olmaqla
daha kütləvi şəkildə istifadə oluna bilər. Buradan belə qənaətə gəlmək olar ki,
FVS VAR sistemini əvəz etməyərək, video təkrar texnologiyalarını və imkanlarını
daha az büdcəli və aşağı liqalara daşımağa kömək edəcək. Bu sistemin əsas özəlliyi
əlavə VAR hakimlərinə və VAR infrastrukturuna ehtiyac olmadan komandalara
onların razı olmadığı epizodlarla bağlı təkrar baxış fürsətini təqdim etməkdir.
Bu həmçinin komandaların hakimlikdən narazı qalmamasına kömək edəcəkdir.
Yekunda,
əminliklə söyləmək olar ki, FİFA VAR sistemini əvəz etməyi düşünmür və onun
daha geniş miqyasda tətbiqinə səy göstərir. Çünki, bu gün VAR artıq bütün
konfederasiyalarda, 50 ölkə və 200-dən artıq yarışda uğurla istifadə olunur. Yekunda
vurğulayaq ki, FVS test mərhələsindədir və futbol oyun qaydalarına daxil ediləcəyi
vaxt məlum deyil.
Bir
şey aydındır ki, İFAB bu sistemi təsdiq etdiyi təqdirdə FVS-nin video təkrar
imkanlarının aşağı liqalarda, o cümlədən ölkəmizin kubok yarışının ilkin mərhələsi
və I divizion yarışlarında tətbiqi mümkün olacaqdır.
Qeyd
edək ki, bu araşdırma “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi (AFH) tərəfindən
Azərbaycan futbol ictimaiətini futbol oyun qaydalarında olan yeniliklər barədə
maarifləndirmək məqsədilə hazırlanmışdır.
AFH 2003-cü ildən fəaliyyət göstərir və AFFA-nın üzv təşkilatıdır. Təşkilatın məqsədi futbol hakimliyinin və futbol oyun qaydalarının bütün üsul və vasitələrlə təbliği və inkişafına kömək etməkdən ibarətdir.