Vəkil: "Mirhüseyn Seyidov təqsirsiz və günahsızdır"
- 16:50
- 153
2017-ci ilin dekabr ayının 1-də AFFA İntizam Komitəsinin qəbul etdiyi qərarla futboldan uzaqlaşdırılan Mirhüseyn Seyidov ötən ay bu qurumu məhkəməyə verərək cəzasının ləğv edilməsini tələb edib. "Rekord.az" xəbər verir ki, sabah Xətai Rayon Məhkəməsində bu məsələyə baxılacaq.
Seyidovun vəkili Elcan Həsənli məsələ barədə "Rekord.az"-a açıqlama verib. O sabiq futbolçunun günahsız olduğunu iddia edir: "14 yanvar 2025-ci il tarixində Mirhüseyn Seyidovla AFFA arasında məhkəmə mübahisəsi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçiriləcək. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, 2017-ci il 1 dekabr tarixində iştirak etdiyi səbəbindən futboldan ömürlük uzaqlaşdırılmışdı. Biz hedab edirik ki, bu qərar əsassız olaraq çıxarılmış qərar olub. Ona görə də biz indi oyunçunun hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişik. Məhkəmənin ilk hazırlıq iclası 19 dekabr 2024-cü il tarixində keçirilib və növbəti tarixə salınıb. 14 yanvar tarixində məhkəmə bu işin icraata qəbul edilib-edilməməsi, iş üzrə icraata baxılıb-baxılmaması üzrə öz qərarını verəcək. Çünki qarşı tərəf - cavabdeh AFFA məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir və bir də şəxsin - Mirhüseyn Seyidovun məhkəməyə müraciət hüququnu məhdudlaşdırmağa çalışır. Biz isə təbii ki, bununla razı deyilik. İnşallah, ümid edirik ki, məhkəmə məsələyə ədalətli şəkildə yanaşaraq işə mahiyyəti üzrə baxmağa davam edəcək. Biz hesab edirik ki, Mirhüseyn Seyidov danışılmış oyunlarda ümumiyyətlə iştirak etməyib, bu şəxs barədə cinayət işi olmayıb, heç bir yekun məhkəmə qərarı da yoxdur. O tamamilə təqsirsiz və günahsızdır. Ona görə də hüquqlarımızın bərpası üçün Xətai Rayon Məhkəməsinə müraciət etmişik və hazırda iş Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatındadır. Biz inşallar ümid edirik ki, bu proses Mirhüseyn Seyidovun xeyrinə başa çatacaq. Azərbaycanda 10-larla belə futbolçular var ki, əsassız olaraq AFFA tərəfindən futboldan uzaqlaşdırılıblar. Həmin şəxslər üçün də stimul xarakterli bir qərar olacaq"
Xatırladaq ki, 2017-ci il dekabr ayının 1-də AFFA İntizam Komitəsinin xüsusi iclası keçirilmiş, orada "Keşlə" (hazırkı "Şamaxı") klubundan uzaqlaşdırılan Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı məsələyə baxılıb.
"İclasda "Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər".
Bir il sonra Bakı Şəhər Prokurorluğunda günahlandırılan şəxslərin işinə baxılsa da, geridə qalan bir ildə təqsirlərini müəyyən etmək mümkün olmayıb. Belədə həm onların cinayət işinə xitam verilib. Bununla bağlı günahlandırılan şəxslərin özünə də bildiriş məktubu ünvanlanıb.