Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində 28 May Müstəqillik Gününə həsr olunmuş 2006-2007-ci il təvəllüdlü məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyinə yekun vurulub.

Rekord.az xəbər verir ki, 8 ümumtəhsil məktəb komandasından ümumilikdə 96 nəfər gəncin iştirak etdiyi yarışda Ağalıkənd kənd tam orta məktəbin komandası 1-ci yerə, İnternat tipli məktəb-liseyin komandası 2-ci yerə, İsmətli kənd tam orta məktəbin komandası isə 3-cü yerə layiq görüldü.

Mükafatlandırma mərasimində çıxış edən idarə rəisi Azad Quliyev qalib komandaları təbrik etdi, bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Qalib komandalar müvafiq olaraq diplomlarla mükafatlandırıldı.