İngiltərənin “Vulverhempton” klubu dünyada sürətlə yayılan koronavirus epidemiyasına qarşı müəyyən tədbirlər görməyə başlayıb.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi futbolçularla azarkeşlərin münasibətinə məhdudiyyətlər qoyub.

Premyer Liqa təmsilçisinin rəsmi saytının yaydığı məlumatda bildirilir ki, futbolçulara azarkeşlərə avtoqraf vermək, onlarla şəkil çəkdirmək qadağan olunub. Azarkeşlərdən də bu məsələ ilə bağlı anlayışlı olmaları xahiş olunub. Futbolçulara və klubda çalışan hər kəsə ictimai tədbirlərdən, şəxsi görüşlərdən mümkün qədər imtina etmələri, əllə görüşməmələri məsləhət görülüb.

Qeyd edək ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da “Vulverhempton”da çıxış edir. O, bu klubun U-23 komandasının əsas heyət üzvlərindən biridi.