AFFA bir neçə gün öncə Hakimlər Komitəsinin sədri Frits Stuxliklə müqaviləni yeniləməyərək yolları ayırdı.

Rekord.az xəbər verir ki, "Football-plus.az" saytı olaraq avstriyalı funksionerin fəaliyyəti ilə bağlı qurumun sabiq sədri Xaqani Məmmədovun fikirlərini öyrəndik:
 

"Gedənin arxasınca danışmazlar" deyiblər. Amma bu deyim mənə aid deyil. Çünki gözümün qabağında güc-bəla yaradıb inkişaf etdirdiyimiz Hakimlər Komitəsini 4 ildə Stuxlik və onun ətrafı alt-üst etdi. Ən təsirli məqam odu ki, avtriyalının 4 illik fəaliyyətini inkişaf kimi qiymətləndirən "hakimlər"imiz var. Onlara deyən lazımdı, hardadı inkişaf? Stuxlikə qədər 23 FİFA referimiz vardı, indi onların sayı 13-14 nəfərdi. Çempionat oyunlarında yetərincə hakim səhvləri var. Rəşad Sadıqovla Elmar Baxşıyev haqlı olaraq qeyd edəndə ki, "qələbəmizi hakimlər əlimizdən alır", onları top atəşinə tutdular. Tək referilərin yox, hakim-inspektorların da hazırlığı aşağı səviyyədədi. 8 komandalı çempionatda 15 hakim-inspektor var, amma keyfiyyətli iş əmsalları gözə dəymir. Yaxşı hakimlərimizin hamısı gözümçıxdıya salınaraq, referilikdən uzaqlaşdırıldı.

Stuxliksevərlər qeyd edir ki, "Əliyar Ağayevi yetişdirmişik, artıq UEFA və FİFA-da məşhur hakimdi". Əvvəla, onu vurğulayım ki, Əliyar Ağayevi nə Stuxlik, nə də Hakimlər Komitəsi yetişdirdi. O, çox savadlı, bacarıqlı hakimdi, daim üzərində işləməklə Avropada məşhurlaşıb. Həmçinin Əliyaın irəli çəkilməsində və Yunanıstan oyun etməsində sabiq FİFA referisi Kiros Vassarasın rolu olmayıb. Azərbaycanda son 4 ildə futbol hakimliyinin başına hansı bəlalar gəldi" mövzusunda günlərlə danışa bilərəm. Qısaca onu deyim ki, Stuxlikin gəlişi və gedişi arasındakı müddətdə ölkə futbolunda hakimlik ildırım sürətiylə tənəzzülə uğradı. Bunda sonra hakimliyi dirçəltmək üçün ən azı 6-7 il lazımdı".



Təcrübəli referi növbəti mövsümdən VAR sisteminin tətbiqindən də danışdı:
 

"Hələ ötən mövsümün fevralından VAR-ı tətbiq etmək istəyirdilər. Yaxşı ki, baş tutmadı. Yoxsa aləm bir-birinə qarışacaqdı. Çünki bizim hakimlərin çoxu hələ yeni sistemi lazımınca mənimsəməyib. VAR-ın tətbiqi qaçılmazdı. Amma bu o demək deyil ki, VAR gəldi, ölkə çempionatında nöqsanlar bitdi. Yeni sistemin mövsümün əvvəlindən tətbiqi məqsədəuyğundu. Hakimlərimizin, əsas da Stuxliğin "yetirmələri"nin VAR-da özlərini doğruldub-doğrulmayacağı böyük sualdı. Meydanda kobud səhvlərlə diqqət çəkən, idarəçiliyi aşağı səviyyədə olan hakim nədisə, monitor arxasında da odu".