Xatirə turniri öncəsi seminar və püşkatma mərasimi
- 14 Yan 2020 20:29
- 1000
Sabah 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçiriləcək.
Rekord.az xəbər verir ki, bu gün 23-cü dəfə keçiriləcək yarış öncəsi hakimlərin seminarı və püşkatma mərasimi keçirilib.
Memorialın baş tutacağı Bakı İdman Sarayında reallaşan tədbirdə Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və İdman şöbəsinin müdiri Yaqub Məmmədov iştirak edib.
Qərib Əliyev hakimlərə Dünya Güləş Birliyinin (UWW) son təlimatlarını çatdırıb, mübahisəli epizodlarla bağlı verilməli olan qərarları ətraflı izah edib. Hakimliklə bağlı son dəyişikliklər də seminarda qeyd edilib.
Yaqub Məmmədov məşqçilərlə görüşdə işlərinə daha məsuliyyətlə yanaşmağı, sərbəst güləşin inkişafı üçün daha da yüksək səviyyədə çalışmağın labüd olduğunu vurğulayıb. Daha sonra püşkatma mərasimi keçirilib.
Xatırladaq ki, 2003-04 təvəllüdlü sərbəst güləşçilər arasında keçiriləcək turnirdə Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan ümumilikdə 200-dən idmançı mübarizə aparacaq.