Xəyal Zeynalov: “Kamranın yoxluğu və Emilin geri dönüşü futbolumuz üçün faydalı olmayacaq” MÜSAHİBƏ
- 24 Apr 2020 14:00
- 1523
“Kəpəz”in sabiq qapıçısı, hazırda “Sabah” klubunda çalışan Xəyal Zeynalov Rekord.az-a müsahibə verib:
- Karantin dövrünü necə keçirirsiniz, futbolçularınızın formadan düşməməsi üçün hansı addımlar atırsınız?
- Karantin dövrünü hamı necə keçirir, biz də elə keçiririk. Oturmuşuq evdə və bacardığımız qədər online məşqlərlə qapıçılarımızın formadan düşməməsinə çalışırıq
- Siz “Sabah”la bərabər “Vətən”də də çalışırsınız. Paralel olaraq, iki yerdə işləmək çətinlik yaratmır ki?
- Xeyr, heç bir çətinlik yaratmır. Çünki hər iki yerdə eyni işi görürük. Əksinə, işimizdən zövq alırıq.
- “Sabah” klubunda qapıçılarla iş proqramı necədir, qapıçı yetişdirək üçün xüsusi metodunuz varmı?
- Fəaliyyətimiz üçün geniş imkanlarımız var və çalışırıq bundan istifadə edək. Seçim imkanlarımız çoxdur, qapıçıları həm əsas, həm də əvəzedici komandada sınaqdan çıxardırıq. Təbii ki, klub olaraq öz metodlarımız, layihələrimiz var və ona uyğun da işimizi qururuq. Həm əsas, həm də əvəzedici komandanın məşqçiləri ilə daim əlaqədəyik. Çalışırıq akademiyamızda olan qaıçılar tək öz yaşıdlarında yox, özlərindən bir yaş böyük komandaların da formasını geyinsinlər ki, inkişafları daha sürətli getsin. Təbii ki, məşqçi kimi də dayanmadan öz üzərimizdə çalışırıq, bilik və bacarıqlarımızı artırırıq. İnanıram ki, qısa zamanda bu qara buludlar başımızın üstündən çəkiləcək və yenidən işimizin başına dönəcəyik.
- Bu yaxınlarda “Qəbələ” qapıçılarla bağlı yeni layihə təqdim etdi. Sahil Kəriovun təşəbbüsü ilə. Həmin layihəyə münasibətiniz.
- Həmin layihədən xəbərim var. Çünki bütün qapıçı məşqçilərlə mütəmaddi əlaqədə oluruq. Sahil müəllimlə də münasibətimiz yaxşıdı. Çox gözəl təşəbbüsdü və dəstəkləyirəm.
- Xəyal Zeynalova görə, bu gün Azərbaycanda qapıçı probleminin kökündə nə dayanır?
- Bu gün Kamran Ağayevin futbolda yoxdu. Emil Balayev, Səlahət Ağayev kimi qapıçılar yetişdirmək də çox çətindir. Çox iş görülməlidir, klublarla paralel iş aparılmalıdır, milli ilə klublar arasında daimi əlaqə olmalıdır. Yalnız bu halda Avropa səviyyəli qapıçı yetişdirmək olar. Çünki bizdə qapıçı məktəbi olub və indi də potensialımız var. Emil Balayevi götürək. Düzdür, Qazaxıstan futbol ölkəsi sayılmır. Amma əsas odur ki, Emil orda özünü yaxşı tərəfdən göstərə bildi.
- Kamran Ağayevin gedişi millidə boşluq yaradacaq?
- Kamranın gedişi ani oldu. Pis tərəfi odur ki, sanki heç Azərbaycan futbolunda Kamran adlı qapıçı olmayıb. Kamranın yoxluğu və bunun fonunda Emil Balayevin Qazaxıstandan qayıdıb “Zirə”yə keçidi futbolumuz üçün faydalı olmayacaq. Özü də gəlib futbolsuz dönəmə düşdü. Bunun özü milliyə də ciddi təsir edəcək.
- Emil Balayevin yenidən Azərbaycana dönüşünü geriyə addım hesab edirsiniz?
- Ən azı bizim üçün faydalı olmayacaq. Bu durumda yenidən bu səviyyəli qapıçıların yetişməsi çətin olacaq.