"Xəzər Lənkəran"ın sabiq futbolçusu uşaqlara ustad dərsi keçib
- 22 Avq 2024 10:28
- 289
Xaçmaz Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə ölkə kubokunun və superkubokunun qalibi, Xaçmaz UGİŞM-in məşqçi-müəllimi, "Simurq", "Xəzər Lənkəran" kimi klublarda oynamış Tural Cəlilov uşaq, yeniyetmə və gənc futbolçulara ustad dərsi keçmişdir.
Rekord.az xəbər verir ki, isinmə hərəkətləri yerinə yetirildikdən sonra, məşqçi-müəllim yetirmələrinə futbolun yaranması dövrdən başlayaraq indiki dövrə qədər bu idman növündə baş verən dəyişikliklər haqqında ümumi məlumat vermişdir.
Daha sonra bir neçə taktiki variant üzrə oyunçuların meydanda düzülüşü, komanda azlıqda qaldığı təqdirdə bir-birini sığortalama, süni oyundankənar vəziyyətin yaradılması kimi futbol elementləri məşqçi tərəfindən izah edilmiş və futbolçular praktik olaraq tapşırıqları yerinə yetirmişlər.
Ustad dərsində 38 nəfər futbolçu iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclərin futbola olan marağının və bu idman növünün kütləviliyinin artırılması, onların asudə vaxtının səmərəli keçirilməsinə, o cümlədən zərərli vərdişlərdən uzaq olmalarına nail olmaqdır .