Düz 10 il bundan əvvəl “Xəzər Lənkəran”ı məşhur Con Toşak çalışdırırdı. Dünya şöhrətli mütəxəssisin Lənkərana gəlməsi ciddi hadisə idi. Nəzərlər Lənkərana yönəlmişdi, bu cənub şəhərində futbolun necə inkişaf edəcəyi, Toşaklı “Xəzər Lənkəran”ın hansı nəticələr qazanacağı maraqla gözlənilirdi. 


“Xəzər Lənkəran”a gələn əcnəbi mütəxəssis dərhal qollarını çirmələdi, başladı “öz komandasını” qurmağa. Yəni ki, yeni transferlər etməyə. Dünyanın müxtəlif nöqtələrindən futbolçular klubun Bakıdakı ofisində böyük rəqəmlərin əks olunduğu müqaviləyə imza atırdı. Ondan sonra da həmin o bahalı legioneri Cəlilabadın və Biləsuvarın kəndlərindən keçən o əyri-üyrü yollarla Lənkərana gətirirdilər. Elə o yoldaca legioner hara gəldiyini başa düşür, amma müqaviləsində əks olunan milyonları gözünün qabağına gətirəndən sonra özünə təskinlik verirdi. Düşünürdü ki, bir müddət gününü keçirib, yaxşı pul qazanmaqdan ötrü dözmək lazımdı. 


Həmin əcnəbilərdən biri də qapıçı Toni Doblas idi. “Xəzər Lənkəran”a qədər “Betis”, “Saraqosa”, “Hueska”, “Herez” kimi klubların qapısını qoruyan Doblas karyerasıyla öyünə bilərdi. Toşakın onu “Xəzər Lənkəran”a dəvət etməsi isə 32 yaşında tanrının ona böyük lütfü sayıla bilərdi. İspaniyada özünü yaxşı tərəfdən göstərən qapıçı üçün “Xəzər Lənkəran”ın heyətində Azərbaycan çempionatında oynamaq elə də çətin olmayacaqdı. Amma nə qədər qəribə olsa da, Doblas “Xəzər Lənkəran”da əsas qapıçıya çevrilə bilmədi. Düşünə bilərsiz ki, həmin vaxt “gəmiçilər”in heyətində daha təcrübəli, daha yaxşı qapıçı olub və 32 yaşlı Toni rəqabətdə ona uduzub. Di gəl ki, işin əsli başqa idi.

 

Doblas rəqabətdə cəmi 20 yaşı olan cəlilabadlı Orxan Sadıqlıya “uduzurdu”.
Mən Sadıqlının istedadına, “Xəzər Lənkəran”a bağlı olmasına, çalışqanlığına kölgə salmaq istəmirəm. Amma həmin vaxt normal şərtlərdə Orxanın Tonini üstələməsi mümkünsüz idi. Con Toşak əcnəbiləri “Xəzər Lənkəran”a dolduranda legioner limitini nəzərə almamışdı. Bir də baxmışdı ki, legionerlərin sayı limitin tələbini xeyli üstələyir. Belədə bahalı əcnəbilərin bir çoxunu ehtiyatda oturtmaq lazım gəlirdi. Diqqətləri çox da cəlb etməmək üçün belə “qurbanlar”dan biri də Toni Doblas seçilmişdi. Düzdür, ehtiyatda qalmağın Doblasın maaşına bir dəxli yox idi, ispaniyalı qapıçı yenə öz maaşını alırdı. Amma istənilən qürurlu qapıçı üçün İspaniyadan Azərbaycana gəlib, 20 yaşlı yerli qapıçının əvəzedicisi olmaq heç də xoş deyildi.


“Xəzər Lənkəran”ın pulu həmin vaxt çox idi. O pulu da hara gəldi xərcləyirdilər. Tuyqun Nadirovla Mais Mənsimov qısa müddətdə Mübariz Mənsimovun pullarının başına daş saldı. Naşı idarəetmə “Xəzər Lənkəran”ın sonunu gətirdi. Deməli, onların tutduğu yol düz deyilmiş, uçuruma aparırmış. Belə olan halda acı təcrübədən nə üçün “Kəpəz” dərs çıxarmır? Özü də milyonları olmayan, "qəpiyə güllə atan" “Kəpəz”. Gəncə təmsilçisinin heyətində Belarus qapıçı Vladislav Vasilyuçek vardı. Onun səhvlərindən “Kəpəz” neçə-neçə qol buraxdı, məğlubiyyətlərə düçar oldu. Ondan sonra “çərçivə” azərbaycanlıya, yəni Kamran İbrahimova tapşırılıb. İnsafən, Kamran qapıda heç də pis dayanmır. Vladislav vətəninə yola salınmamış bir də Portuqaliyadan İqor Rodriqesi gətiriblər. Soruşmaq ayıb olmasın, hansı pulla bu əcnəbi qapıçıları saxlayırsız, cənablar? Qapıda azərbaycanlı Kamran dayanacaqsa, Rodriqeslə Vasilyuçek nəyinizə lazımdır? Ümid edirəm ki, bu suala cavabınız var...