Yeni yaranan “Xocalı” klubu hazırda uşaq futbolu üzrə ixtisaslaşıb və bu yöndə öz fəaliyyətini qurub.

Rekord.az xəbər verir ki, təcrübəli məşqçi Novruz Əzimovu baş koordinator postuna gətirən Qarabağ təmsilçisi gələcəklə bağlı böyük planlar qurub.

Saytımıza açıqlamasında Əzimov da çox nikbin görünür: “Klubda işləmək üçün bütün şərait var. Uşaqlar geyimlə və inventarlarla təmin olunub. Bundan başqa, rəhbərlik onların qidalanmasına da xüsusi diqqət ayırır. Bir sözlə, burada pespektiv görürəm. Məqsədimiz həm Xocalının adın hər kəsə tanıtmaq, həm də Azərbaycan futboluna keyfiyyətli futbolçular verməkdir. Onu da deyim ki, artıq 3 bölməmiz fəaliyyət göstərir. Şəhərin mərkəsindən başqa, Bakıxanov qəsəbəsi və Xırdalanda da bölmələrimiz var. Ümid edirəm ki, bu komanda yaxın gələcəkdə Azərbaycan futbolunda öz sözünü deyə biləcək”.