"Araz Naxçıvan"la bağlı yaşanan olay bizim futbola yanaşmamızı növbəti dəfə çılpaqlığı ilə ortaya qoydu. İlk gündən deyirik, yazırıq ki, "Region liqası" sözdə bölgə futboluna, kütləviliyə, populyarlığa xidmət etsə də, əməldə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Oyunların keçirilməsində zəhmət çəkən, əziyyəti keçən sadə insanların əməyini yüksək qiymətləndirirəm. Qapıya tor taxandan, əhənglə meydançanın xəttini çəkənə kimi, hər birinə əhsən düşür. Tənqidim başda oturan aidiyatı insanlaradır. "Həvəskardı" deyib hər şeyin üstündən keçmək olmaz. Liqa həvəskar status daşıyırsa, o demək deyil ki, hər işə başdan getdi yanaşasan. Mövsümün əvvəlində AFFA-dan elə açıqlamalar verilirdi ki, baxan deyərdi Premyer Liqaya hazırlıq gedir. Hətta deyirdilər ki, komandalardan maliyyə zəmanətləri alınacaq. Amma çempionatın gedişində məlum oldu ki, neçə-neçə komanda bu rayondan qonşu rayona getməyə yol pulu tapmır. Hətta çempionatı yarıda dayandıranlar da oldu. Elə komandalar var idi ki, yol pullarını azarkeşlər pul yığıb verirdi. Komandalardan maliyyə təminatı alınmışdısa, bu problemlər necə yaşanırdı?

 

 

Gəlirəm əsas məsələyə. Təbii ki, baş verənlərə görə ilk növbədə günahkar "Araz Naxçıvan" özüdür. Çünki futbolçu dəvət edən, sifariş verən onlardı və bu mənada hər şeyi ölçüb-biçməli, diqqətlə araşdırmalı idilər. Başqa komanda olsa, hardasa anlamaq olar. Amma "Araz Naxçıvan"da elə insanlar çalışır ki, şəxsən tanıyıram, futbol biliklərinə, savadlarına bələdəm və o cür insanların çalışdığı komanda necə olub ki, belə səhvi buraxıb, buna da çox təəccübləndim. Amma bu, AFFA-ya əsas vermir ki, yaxasını məsuliyyətdən kənara çəksin.

 

 

Federasiyanın məsul şəxsinin açıqlamasını oxuyuram, birmənalı şəkidə məsuliyyəti atır komandanın üzərinə. Səbəb də odur ki, futbolçunu komanda təqdim edir və biz bütün futbolçuları araşdıran deyilik ki, kimin harda peşəkar müqaviləsi var, ya yox. Qəti razılaşmıram. Əgər federasiyanın heç bir məsuliyyəti yoxdursa, o zaman aidiyatı departament niyə fəaliyyət göstərir, nəzarət olmayacaqsa, "Region Liqası"nın əsasnaməsi niyə hazırlanıb? Əksinə, komandaların, orada oynayanların, çalışanların böyük əksəriyyətinin həvəskar olduğunu nəzərə alsaq, onlara daha çox kömək, dəstək lazımdır. Hərəyə 10 top, 10 forma verməklə iş bitmir. İlk növbədə AFFA-nın aidiyatı departamenti də bütün futbolçuları araşdırmalıdır, çünki onların işi budur, onları sırf bu məsələlər üçün təhkim ediblər. Belə çıxır ki, "Xan Lənkəran" vaxtında duyuq düşüb işin üstünü açmasaydı, yaxud bu komandanın yerinə başqa komanda olub duyuq düşməsəydi, həmin futbolçular finalda "Cəbrayıl"a qarşı da oynayacaqdılar və bəlkə də turnirin qalibi adını qazanacaqdılar Yaxud təsəvvür edək ki, "Araz Naxçıvan"ın yerinə başqa bir komanda olardı, hansı ki, Naxçıvan zonasında oynayıb birbaşa yarımfinala vəsiqə qazanmayıb və digər komandalar kimi, 1/4 finaldan yarımfinala yüksəlib. O zaman 1/4 finalda bu komandaya uduzan digər komanda da haqlı olaraq məsələ qaldırıb 1/4 final matçının ləğvini və "Xan Lənkəran"la oyun tələbi irəli sürə bilməzdi? Təbii ki, sürərdi və buna da tam haqqları çatardı. Məsələn, Naxçıvan zonasında 2-ci pilləni tutmuş "Arpaçay"ın tam haqqı çatır ki, o zona üzrə "Araz Naxçıvan"a bütün oyunkarda texniki məğlubiyyət verilməsini və özünün "Xan Lənkəran"la oynamasını tələb kimi irəli sürsün. Görün məsələ hara qədər qarışacaqdı. Ortada bu boyda ciddi problem olduğu halda, federasiya necə yaxasını kənara çəkə bilər? Axı bu, sənin keçirdiyin çempionatda yaşanıb. Özü də həmin futbolçular haqda tamamilə "tanınmamış futbolçular" da demək olmaz. Gürcüstan bizə yaxın ölkədi və orda hətta I Divizionda da azərbaycanlı futbolçu olanda bizim idman mətbuatı haqda məlumat paylaşır. O cümlədən, Maldiv adalarında oynayan qapıçı haqda da bütün idman saytları yazmışdı. Hansının adını "google"yə yazsan, məlumatları, fotoları çıxacaq. Bundan sonra həmin futbolçuların Gürcüstan klubu, Maldiv klubu ilə müqaviləsinin olub-olmadığını yoxlamaq su içmək kimi bir şey idi. Uzaq başı həmin klublarla əlaqə saxlamaq olardı, ən azı mail deyilən bir şey var. Hansı dövrdə yaşayırıq ki, camaat Parisdə kabinetdə oturub telefonla Bakıdakı kabinetlərə gəlib-gedənləri canlı izləyir. Bir daha deyirəm, AFFA bu cür məsələlərdə yaxasını kənara çəkməməli, öz məsuliyyətini dərk etməlidir. Anlamaq lazımdır ki, çempionatı keçirən qurum sənsən və bütün məsuliyyətlərdə payın var.

 

Anar XANLAROV