Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyətə belə şərh verib:


“Güclü rəqibə qarşı oynadıq. Xorvatiya millisi qrupda keçirdiyi 6 oyunun hamısında qələbə qazandı və maksimum xalla Avropa çempionatının final mərhələsinə yollandı. Komandamız bu gün yaxşı çıxış etdi. Adətən ikinci hissədə çatdırmırdıq və oyundan qopurduq. Bu dəfə güclü rəqibə qarşı yaxşı mübarizə apardılar.


Heyətimizdə zədəli futzalçı çoxdur. Əksəriyyəti ağrıkəsici hesabına meydana çıxmışdı. Ancaq bunu hiss etdirmədilər.


Rövşən Hüseynli ilə bağlı nə lazımdırsa danışmışıq, məlumat vermişik. Onu bu toplanışdan kənarlaşdırmışıq, amma millinin qapıları növbəti toplanışlarda onun üzünə açıqdır. Bu, hamımızın millisidir. Bu gün buraxdığımız qolların heç birində qapıçının səhvi olmadı”.