19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov federasiyanın rəsmi saytına açıqlama verib.


Rekord.az xəbər verir ki, mütəxəssis hazırda davam edən təlim-məşq toplanışı ilə bağlı danışıb:


“Xalqımızı, futzal ictimaiyyətini Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, gümrahlıq, sülh, əmin-amanlıq, bərəkətli illər arzulayırıq. Hazırlıq plana uyğun şəkildə davam edir. Gün ərzində iki məşq keçirik. Çalışırıq fiziki hazırlığı yüksəldək, eyni zamanda taktiki planda tapşırıqlar yerinə yetiririk. Oyunçularımız istəklidirlər. 2-3 nəfərin zədəsi var. Həkim çalışır ki, səfərə qədər onları müalicə etsin. Bu mərhələyə də 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı ilə yollanacağıq".


O, Avropa çempionatının əsas mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirib:


"Səfərə qədər 2 oyun keçirəcəyik. Bu gün “Araz-Naxçıvan”la yoxlama, sabah isə çempionatın lideri “Baku Fire”lə rəsmi matçda üz-üzə gələcəyik. İki gün ərzində iki güclü rəqiblə qarşılaşmaq da qrup oyunlarına hazırlığın tərkib hissəsidir. Biz də görüşlərin ağırlığını və intensivliyini nəzərə almışıq.


Rəqiblərə gəldikdə, Bosniya və Herseqovinanın iki oyununu izləmişik. Serbiya ilə matçın birində qalib gəldilər, digərində qələbə qazandılar. Oyun üslubunu, zəif və güclü tərəflərini aydınlaşdırmağa çalışdıq. Xorvatiya və Türkiyə yığmaları haqda isə şifahi məlumatım var. Xorvatiya Avropanın ən güclülərindəndir və qrup oyunlarına ev sahibliyi edəcəklər. Tükiyə futzalı da son illərdə inkişafdadır.


İstənilən halda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, güc baxımından bu mərhələdə qarşılaşacağımız rəqiblərlə yanvarda üz-üzə gəldiyimiz komandalar müqayisə olunmayacaq dərəcədə fərqlidir”.


Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya ilə qarşılaşacaq. Martın 29-da isə Türkiyənin müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək. Yığma ayın 25-də qrup oyunlarının keçiriləcəyi Xorvatiyaya yola düşəcək.