“Yaxşı nəticələr olacaq” – Fernandu Santuş
- 13 Okt 2024 17:40
- 186
Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, oyundan bir gün əvvəl milli komandanın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv hazırlaşmalı olduqlarını bildirib:
“Təbii ki, nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv hazırlaşmalıyıq. Çünki qələbə və xallar qazanmaq istəyirik. Hər nə olursa olsun, futbolçularıma güvənirəm.
Kapitanlıq elə bir mövzudur ki, hər dəfə bunu dəyişmək istəmirik. Amma liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı oyunda Bədavi Hüseynovu düşünürük. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Fərd olaraq Emin Mahmudov bəyənirəm. Həmçinin oyunçu olaraq da. Amma futbolçu baş məşqçinin tapşırıqlarını yerinə yetirmirsə, demək ki, dəyişməliyik. İlk oyunda penaltini yerinə yetirməsi ilə bağlı göstəriş vermişdim, amma o, bunu etmədi.
Çox çalışmalıyıq. Müəyyən bir fəlsəfənin formalaşması üçün uzun zaman lazımdır. Artıq hücum xəttində müəyyən nələrəsə nail olduğumuzu düşünürəm. Son oyunlarda da qol vəziyyətləri yaratdıq. Düşünürəm ki, gələcəkdə bu şanslar daha çox olacaq və yararlana biləcəyik. Hazırda komandamın başlıca problemi çox qol buraxmağımızdır. Təbii ki, daha çox qol buraxanda məğlubiyyət qaçılmaz olur. Buna görə də, müdafiə xəttində daha çox çalışmalıyıq. Bu mövqeyə fokuslanmalıyıq. Düşünürəm ki, çox işləməklə bu problemi də arada qaldıracağıq. Futbol hər yerdə eynidir, İspaniya, İngiltərə, Portuqaliya və.s. Eyni tendensiya bütün ölkələrdədir. Düşünürəm ki, gələcəyə nikbin baxmaq lazımdır. Artıq bir ildən sonra bu komanda bütün rəqiblərə qarşı yaxşı oyun göstərəcək. Hazırkı nəticələrdən narazıyıq. Demək olar ki, məğlubiyyətlər məşqçilik karyeramın 15 faizini təşkil edir. Ona görə də, bu nəticələrdən məmnun ola bilmərəm. Özümə görə də bu yaxşı hal deyil. İlk növbədə öz karyeramı düşünməliyəm. Buraya gələndə bilirdim ki, çətin olacaq. Amma inanıram ki, qələbələr gələcək. Məşqçilər heyətində azərbaycanlı məşqçinin olması ilə bağlı müəyyən planlarımız var. Tapşırıq vermişəm ki, bu mövqedə bir nəfər azərbaycanlı olsun.
Mən “bu komanda ilə mümkün deyil” ifadəsini heç vaxt işlətməyəcəm. Bu, artıq bir mesajdır ki, futbolçulara da mənfi təsir göstərər. Mən özümə bələdəm. Düşünürəm ki, yaxşı nəticələr olacaq. Əlbəttə, müəyyən bir vaxtdan sonra görsəm ki, alınmır, federasiyadan da, azarkeşlərdən də üzr istəyib gedəcəm. 2028-ci ilə qədər müqaviləm var və bu müddət ərzində məsuliyyət mənim üzərimdədir.
Azarkeşləri yaxşı anlayıram, bu nəticələrdən məmnun deyillər, eləcə biz də razı deyilik. Amma bu nəticələrlə qarşı-qarşıya qalıb neqativə köklənməməliyik. İstənilən halda, pozitiv olmalıyıq. Futbolçularımızın azarkeşlərin dəstəyinə ehtiyacı var. Buradan azarkeşlərə səslənirəm ki, millini dəstəkləməyə gəlsinlər. Qəmginik, məyusuq. Amma mənim sehirli çubuğum yoxdur. Federasiya, azarkeşlər, hamımız birləşib bu nəticələri yaxşılaşdırmalıyıq. Hazırkı çətin vəziyyətdə nəticələri kiminsə üstünə yıxa bilmərik. Heç vaxt günahı başqalarının boynuna qoymaq olmaz. Hər birimiz günahkarıq”.
Azərbaycan millisi bu oyundan əvvəl Millətlər Liqasında keçirdiyi hər üç qarşılaşmada məğlub olub.