"Yeni məşqçimiz məşqləri fərqli formada, fərqli taktika ilə keçir"
- 03 Avq 2023 11:17
- 393
Qadın voleyboçulardan ibarət millimiz Avropa çempinatına hazırlığın Bakı mərhələsini davam etdirir. "Rekord.az" xəbər verir ki, yığmamızın üzvü Yuliya Kərimova təlim-məşq toplanışı və yarış haqqında danışıb. Təcrübəli liberomuzun fikirlərini təqdim edirik:
"Artıq beşinci dəfədir ki, Avropa çempionatında çıxış edəcəyəm. Bu, məni çox qürurlandırır. Yarışda komandamızın uğurlu çıxış etməsi üçün həmişəki kimi əlimdən gələni edəcəyəm.
Hazırda məşqlərimiz ciddi şəkildə davam edir. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Bu il yeni baş məşqçimiz var. O, məşqləri fərqli formada, fərqli taktika ilə keçir.
Avropa çempionatına hazırlığımız dörd mərhələdən ibarətdir. Təlim-məşqlərə Azərbaycanda start verdik, sonra Bosniya və Herseqovinaya yollandıq. Ardınca Bakıya qayıtdıq və hazırlığı burada davam etdiririk. Sonuncu mərhələni isə Sloveniyada keçəcəyik. Oradan da qitə birinciliyində iştirak etmək üçün Almaniyaya gedəcəyik.
Hazırlıq prosesi çərçivəsində yoxlama oyunları keçiririk. Bu qarşılaşmalar bizə komanda olaraq oyunumuzun daha yaxşı alınmasına çox kömək edir. İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik. Komandamıza uğurlar arzulayıram".