Yığma komandalarımızın açıq məşqi keçirilib
- 19 Sen 2020 22:01
- 736
Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları hazırlıq prosesini davam etdirir.
Rekord.az xəbər verir ki, bu gün milli komandalarımızın açıq məşqi baş tutub.
Azərbaycan Güləş Federasiyasının stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyib. Belə ki, güləşçilərimiz pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib. Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Azərbaycan Güləş Federasiyası idmançılarımızın yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.
Qeyd edək ki, açıq məşqi işıqlandıran mətbuat nümayəndələri brifinqdə məşqçilər və güləşçilərə suallarını ünvanlayıb:
Aleksandr Tarakanov, yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi: “Pandemiya ilə bağlı məşqlərimizi açıq havada davam etdiririk. Təbii ki, xalça üzərində edilən bəzi təmrinləri stadionda icra etmirik. Qalan bütün məşq detalları eyni qaydada keçirilir. Onu da qeyd edim ki, dəniz kənarında da məşqlərimiz olur. Azərbaycan dövlətinə və federasiyasımızın rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizə məşq etmək üçün imkan verilib və lazım olan şərait yaradılıb. Bu da güləşçilərin xeyrinədir. Qapalı məkanlarda məşqlərə icazə verildikdən sonra təlim-məşq toplanışlarımız əvvəlki qaydada davam edəcək”.
Rafiq Hüseynov, yunan-Roma güləşi üzrə dünya ikincisi və ikiqat Avropa çempionu: “Hal-hazırda açıq hava şəraitində məşqlərimizi davam etdiririk. Sərt karantin günlərində ev şəraitində yığma komandanın məşqçilərinin verdiyi proqrama əsasən məşq edirdik. Federasiya tərəfindən bunun üçün lazım olan avadanlıq və inventarla təmin olunmuşduq. Bir ay ərzində tam formaya düşəcəyimizi düşünürəm. Əsas hədəfimiz Olimpiya Oyunlarıdır. Bizim işimiz hazırlaşmaqdır. Məşqlərimizi davam etdiririk. Ümid edirəm ki, Tokio Olimpiadası gələn il baş tutacaq. Əlbəttə, təxirəsalma xoşagələn hal deyil. Ancaq hamı bu vəziyyətlə üzləşib. Səbr edib, gələnilki Olimpiadanı gözləməliyik və buna səylə hazırlaşmalıyıq”.
Arif Abdullayev, sərbəst güləş üzrə yığmamızın məşqçisi: “Sərt karantinin tətbiq olunduğu aprel-may aylarında güləşçilərimiz ev şəraitində məşqlərini davam etdirdi. Biz onlarla daim əlaqə saxlayırdıq ki, formadan düşməsinlər. İdmançılarımızın fiziki və taktiki-texniki hazırlığını ən yüksək səviyyəyə çatdırmağa çalışırıq ki, dekabrda keçirilməsi gözlənilən dünya çempionatına tam hazır olaq. Martda lisenziya turnirinə yollanmağa hazırlaşarkən yarışlar təxirə salındı. Ancaq federasiya rəhbərliyi və məşqçilər korpusu güləşçilərə həmişə olduğu kimi, dəstək verərək ruhdan düşməyə qoymadı”.
Hacı Əliyev, sərbəst güləş üzrə Olimpiadanın bürünc medalçısı, 3 qat dünya və 3 qat Avropa çempionu: “Gördüyünüz kimi, məşqlərimiz açıq havada davam edir. Dekabrda dünya çempionatı keçirilə bilər. Biz də buna hazırlaşırıq. Ancaq bu yarış ləğv olunsa belə, yenə də məşqlərimizi davam etdirməliyik ki, formada qalaq. Karantin dövründə daha çox fiziki hazırlığa üstünlük vermişik. Mənə elə gəlir ki, bütün güləşçilərin fiziki durumu qaydasındadır. Sərt karantin günlərində də məşqlərimizə ara vermədik. Ev şəraitində məşq edirdik”.