Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarışa hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırlığın növbəti mərhələsini 1-7 avqust tarixlərində Macarıstanda keçib. 

Burada yöğmamız təlim-məşq toplanışı ilə yanaşı, "Savaria" beynəlxalq turnirində də iştirak edib. Millimiz yarışdan dərhal sonra, avqustun 8-də Macarıstandan bir başa Bosniya və Herseqovinaya yola düşüb. Voleybolçularımız hazırlıq planına uyğun olaraq təlim-məşqlərini Bosniya və Herseqovinada davam edəcəklər.

Vüqar Əliyevin rəhbərlik etdiyi komandamız avqustun 16- da Bosniya və Herseqovinada təlim-məşqə yekun vuracaq və avqustun 17-də çempionatın keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.

Qeyd edək ki, A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

 

Millimizin qitə birinciliyindəki oyunlarının təqvimi

20 avqust

   17:00 Azərbaycan - Belçika

21 avqust

   18:00 Azərbaycan - Bosniya və Herseqovina

22 avqust

   17:00 Rusiya - Azərbaycan

24 avqust

   20:00 Azərbaycan - Serbiya

25 avqust

   17:00 Fransa - Azərbaycan