Yığmamız Fərqanədən 4 medalla qayıdır
- 25 May 2022 12:15
- 617
Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.
Rekord.az xəbər verir ki, final döyüşlərində Azərbaycan millisinin 2 boksçusu çempionluq döyüşünə çıxıb.
Yığmamızın üzvü Məhəmmədəli Aşurəliyev (54 kq) həlledici qarşılaşmada qazaxıstanlı Bekkoja Jaksılıqla üz-üzə gəlib. Gərgin keçən döyüşdə qələbə qazanan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tağı Nəsibovun (50 kq) finaldakı rəqibi isə özbəkistanlı İlhom Erqaşev olub. Qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşdığından təmsilçimiz gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandan 164 idmançının qatıldığı yarışı milli komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc mükafatla bitirib. Aşurəliyevin 1-ci, Nəsibovun 2-ci olduğu turnirdə Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) 3-cü yeri tutublar.
Qeyd edək ki, yarışın yekununda Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımov və referimiz Fikrət Hacıyevə fəxri diplomlar verilib.