Yığmamız lisenziya turnirinə son hazırlığı Özbəkistan və Fransada keçəcək
- 05 May 2021 19:15
- 975
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirir.
Rekord.az xəbər verir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız toplanışın növbəti hissəsini Özbəkistanda keçəcək.
Komandamız Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunacaq məşqlərə 6 boksçu ilə yollanacaq. Məşqçilər korpusu Özbəkistana Avropa Olimpiya Təsnifat Turnirində Tokio-2020-yə lisenziya şansını qoruyan Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevi (+91 kq), Olimpiadada iştirakını təmin edən Tayfur Əliyevi (57 kq), həmçinin Kamran Şahsuvarlını (75 kq) aparmağa qərar verib.
Yanqiabada mayın 7-də gedəcək komandamız ayın 23-dək orada təlim-məşq toplanışında olacaq. Ardınca Kamran Şahsuvarlı vətənə qayıdacaq, yığmamız isə son hazırlıq üçün Avropa Olimpiya Təsnifat Turnirinə ev sahibliyi edəcək Fransaya yollanacaq. Boksçularımız iyunun 1-də isə Byuja kommunasında məşqlərini yekunlaşdıracaqlar.
Yarış iyunun 4-8-də Parisdə keçiriləcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev 1/4 finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıbsa, Cavid Çələbiyevlə Lorenzo Sotomayor turnirdə çıxışını 1/8 finaldan davam etdirəcək. Onlardan fərqli, Alfonso Dominqeslə Məhəmməd Abdullayev, həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxmadan Londondan ayrılmışdılar.