Yığmamızın heyəti açıqlandı
- 07 Mar 2021 16:00
- 1157
Qadınlardan ibarət güləş üzrə Azərbaycan yığma komandası Macarıstanda təlim-məşq toplanışı keçir.
Rekord.az xəbər verir ki, fevralın son günlərində Ukraynada keçirilən beynəlxalq turnirdə iştirak edən millimiz daha sonra Kiyevdən Budapeştə yollanıb.
Martın 18-dən 21-dək həmin şəhərdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Azərbaycan, Macarıstan, Əlcəzair, Moldova, Rumıniya və Bolqarıstan komandaları iştirak edir. Yığmamızın tərkibində lisenziya yarışında ölkəmizi təmsil edəcək Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) ilə yanaşı, millimizin lideri, ən titullu qadın güləşçimiz Mariya Stadnik (50 kq) də yer alıb.
Millimiz baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirin startına qədər Budapeştdə həm taktiki-texniki, həm də fiziki hazırlıq üzərində çalışacaq.
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız lisenziya yarışına Bakıda hazırlaşır.