Yığmamızın hücumçusu pley-offun ilk oyununda komandasına qələbə qazandırdı
- 25 Mar 2023 10:59
- 377
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Nikalina Başnakova Macarıstan çempionatının pley-off mərhələsində ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Szent Benedek" 1/4 finalda "UTE" klubu ilə üz-üzə gəlir.
"Szent Benedek"in meydanında baş tutan cütün ilk oyunu gərgin başlayıb. Uzatmalara qədər davam edən birinci seti voleybolçumuzun komandası öz xeyrinə yekunlaşdıra bilib. Təşəbbüsü sonadək qoruyan meydan sahibləri rəqibə set verməyiblər və 3:0 (29:27, 25:16, 25:18) hesabı ilə qalib gəliblər.
Bu qarşılaşmada millimizin üzvü 15 dəfə fərqlənməklə komandasının ən məhsuldar oyunçusu olub. Başnakova bu xallardan 13-nü hücumda, 1-ni blokda, 1-ni də eyslə qazanıb.
Qeyd edək ki, bu komandaların növbəti oyunları martın 26-də və 29-da keçiriləcək. 3 qələbə qazanacaq tərəf adını yarımfinala yazdıracaq.