Türkiyədə qadın voleybolçuların çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvləri də meydana çıxıblar.

Hücumçumuz Yelizaveta Ruban və blokçumuz Olena Xarçenkonun şərəfini qoruduqları "Bolu BLD" 23-cü turda "Aydın B.Şehir BLD" klubu ilə üz-üzə gəlib. Görüş voleybolçularımızın komandası üçün uğursuz alınıb. 3 hissə davam edən matçda "Bolu BLD" quru hesabla uduzub - 0:3 (14:25, 14:25, 16:25).

Komandalarının xalsız qaldığı görüşdə hər iki voleybolçumuz əvəzetmə ilə oynayıb. Meydanda olduğu müddətdə Olena Xarçenko fərqlənməsə də Liza Ruban 5 xal qazanıb. O, rəqibi 4 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.