Yığmamızın üzvü Çexiyada komandasına qələbə qazandırdı
- 11 Noy 2022 13:31
- 421
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko Çexiya birinciliyində növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu Ukraynanın "Prometey" klubu məlum müharibə səbəbindən Çexiya Ekstraliqasında çıxış edir.
Voleybolçumuzun komandası 7-ci tur çərçivəsində "Prerov" klubu ilə üz-üzə gəlib. səfərdə baş tutan görüş Rita və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 set davam edən matçda Ukrayna təmsilçisi quru hesablı qələbəni bayram edib - 3:0 (25:21, 25:9, 25:13).
"Prometey"in çətinlik çəkmədiyi görüşdə millimizin üzvü 16 dəfə fərqlənib. O, bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko bu xallardan 14-nü hücumda, 2-ni isə blokda qazanıb.
Qeyd edək ki, liderdən iki oyun az keçirən "Prometey" hazırda turnir cədvəlində 9 xalla 6-cı pillədə qərarlaşıb.