Qadın voleybolçular arasında Macarıstan çempionatında pley-offda növbət oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Nikalina Başnakovanın şərəfini qoruduğu "Szent Benedek" 1/4 finaldakı rəqibi "UTE" klubuna qarşı 2-ci görüşdə də qələbə qazanıb.

İlk matçda quru hesabla qalib gələn hücumçumuzun komandası bu dəfə də eyni uğuru təkrarlayıb. Meydan sahiblərinin ciddi müqavimətinə baxmayaraq, "Szent Benedek" yekunda quru hesablı qələbəni rəsmiləşdirib - 3:0 (25:23, 25:19, 25:19).

Komandasının növbəti mərhələ şansını daha da yaxşılaşdırdığı görüşdə millimizin hücumçusu meydana çıxmayıb.

Qeyd edək ki, cütün növbəti oyunu martın 29-da keçiriləcək. Bu qarşılaşmada da voleybolçumuzun komandası qalib gələrsə, adını yarımfinala yazdıracaq. Əks təqdirdə növbəti matça ehtiyac yaranacaq. Reqlamentə əsasən, bu etapda 3 qələbə qazanan tərəf mərhələ adlayır.