Rusiyada qadın voleybolçuların birinciliyində növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Kristina Besmanın formasını geyindiyi "Tulitsa" 21-ci turda "Dinamo Kazan" klubu qəbul edib.

Görüş voleybolçumuzun komandası üçün yaxşı başlayıb və meydan sahibləri 1:0 irəli keçiblər. Sonradan hesab bərabərləşsə də, Kristina və rəfiqələri yenidən önə keçiblər. Lakin qonaqlar bundan sonra ardıcıl iki setdə qalib gəlməklə oyunun yekun nəticəsini müəyyənləşdiriblər. 5 hissə davam edən matçda Tula təmsilçisi 2:3 (25:18, 14:25, 25:22, 14:25, 7:15) hesabı ilə məğlub olub.

Komandasının qələbəni son anda əldən verdiyi qarşılaşmada millimizin üzvü 2 dəfə fərqlənib. Təcrübəli oyunqurucumuz bu xallardan birini hücumda, digərini isə blokda qazanıb.

Qeyd edək ki, hesabında 35 xal olan "Tulitsa" turnir cədvəlində 7-ci yerdədir.