Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Yenisey" 5-ci turda Belarusun "Minçanka" klubunu qəbul edib. 

Görüş voleybolçumuzun komandası üçün pis başlayıb və ilk hissə Minsk təmsilçisinin xeyrinə yekunlaşıb. Lakin bundan sonra təşəbbüsü ələ alan voleybolçumuzun komandası meydandan qalib ayrıla bilib. 4 set davam edən matçda Kristina və rəfiqələri 3:1 (18:25, 25:21, 25:9, 25:22) hesablı qələbəyə seviniblər. Bu görüşdə yığmamızın oyunqurucusu Besman rəqibi 2 dəfə məyus edib.

Qeyd edək ki, "Yenisey" 5 turdan sonra 6-cı pillədə qərarlaşıb. Aktivində 3 qələbə və 2 məğlubiyyət olan komandanın 10 xalı var.