Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 20-ci turda "Sigorta Shop" klubunu qəbul edib. Görüş meydan sahibləri üçün uğurlu alınıb. İlk setdən təşəbbüsü ələ alan voleybolçumuzun komandası üstünlüyünü sonadək qoruyub. 3 hissə davam edən matçda Olena və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:20, 25:17, 25:22). 

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada millimizin üzvü meydana çıxmayıb.

Qeyd edək ki, Adana təmsilçisi bu qələbə ilə xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.