Rusiyada qadın voleybolçuların birinciliyində növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Kristina Besmanın formasını geyindiyi "Tulitsa" 14-cü turda "Yenisey" klubunun qonağı olub.

Səfər görüşü voleybolçumuzun komandası üçün yaxşı başlamayıb və meydan sahibləri 2:0 irəli keçiblər. Lakin bundan sonra təşəbbüsü tamamilə ələ alan Kristina və rəfiqələri ardıcıl iki setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Tay-brekdə isə "Tulitsa" daha dəqiq oynayıb və meydandan 3:2 (23:25, 17:25, 25:15, 25:13, 15:7) hesablı qələbə ilə ayrılıb.

Komandasının möhtəşəm geri dönüş etdiyi qarşılaşmada millimizin üzvü 2 dəfə fərqlənib. Təcrübəli oyunqurucumuz bu xallardan birini hücumda, digərini isə blokda qazanıb. Voleybolçumuz, eyni zamanda komandasının ən yaxşı oyunçusu seçilib.