Voleybolçu kişilər arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bununla Yüksək Liqada III dövrə start götürüb.

Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna “Murov” - “Neftçi” matçı ilə start verilib. Çempionatın lideri “Murov” yenə qələbəyə sevinib. Komanda 3 xalı rəqibini quru hesabla məğlub etməklə aktivinə yazıb.

Qeyd edək ki, bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub.

Turnir cədvəli: “Murov” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

 

Yüksək Liqa

VII tur

   "Murov" - "Neftçi" 3:0 (25:20, 25:19, 25:22)