Yüksək Liqada əsas mərhələ yekunlaşdı
- 15 Mar 2023 23:13
- 392
Voleybolçu kişilər arasında Azərbaycan çempionatının əsas mərhələsinə yekun vurulub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın bu gün keçirilən iki matçı ilə pley-off cütləri rəsmiləşib.
Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması "MOİK" və “Neftçi” komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. “Neftçi” əsas mərhələdəki son matçında 3:2 hesabı ilə qələbə qazanıb.
XII turun son oyununda isə “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizədə keçən matçın qalibi Şuşa komandası olub. 3:1 hesabı ilə “Murov”a qalib gələn “Xarı bülbül” əsas mərhələni qələbə ilə başa vurub.
Beləliklə, əsas mərhələnin son turundan sonra turnir cədvəlində 32 xalla “Murov” birincidir. 23 xala malik “Xarı bülbül” ikinci, 15 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncudur.
Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Murov” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Xarı bülbül” isə üçüncü yeri tutan “Neftçi”komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Qeyd edək ki, oyunların keçiriləcəyi tarix və məkan haqqında məlumat veriləcək.
Yüksək Liqa
XII tur
"MOİK" - “Neftçi” 2:3 (16:25, 25:14, 25:21, 22:25, 11:15)
“Xarı bülbül” - “Murov” 3:1 (25:20, 21:25, 27:25, 25:23)