Yüksək Liqada II dövrə başa çatdı
- 10 Fev 2023 01:20
- 413
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, baş tutan iki qarşılaşma ilə Yüksək Liqada II dövrəyə yekun vurulub.
Voleybol Mərkəzində təşkil olunan VI tur çərçivəsində ilk matçda “Abşeron” “Murov”la qarşılaşıb. Famil Ağayevin komandası turu qalib başa vurub. “Abşeron” ilk iki hissəni 25:22, 25:19 hesabı ilə öz xeyrinə başa vursa da, üçüncü hissədə 25:17 hesabı ilə sevinən tərəf “Murov” olub. Bununla belə, dördüncü set matçda sonuncu olub. Üçüncü hissədəki məğlubiyyətdən nəticə çıxaran “Abşeron” dördüncü seti hesabına yazdırıb - 25:21.
II dövrənin son matçı "UNEC" və “Azərreyl” komandaları arasında keçirilib. Bu matçın qalibi isə üç setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Azərreyl” birinci setdə 25:13 hesabı ilə qalib gəlib. Eldar Yusubovun komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Azərreyl” ikinci hissəni 25:10, üçüncü hissəni isə 25:7 hesabı ilə qalib başa vurub.
Beləliklə, II dövrədən sonra lider “Azərreyl”in 14 , “Abşeron”un 12, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Yüksək Liqa
VI tur
“Abşeron” - “Murov” 3:1 (25:22, 25:19, 17:25, 25:21)
"UNEC" - “Azərreyl” 0:3 (13:25, 10:25, 7:25)