Yüksək Liqada lider dəyişdi
- 08 Dek 2023 11:49
- 260
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində “Xarıbülbül Şuşa” və “AZERRAIL” komandaları üz-üzə gəlib. Gərgin keçən matçın qalibi 4 setdə müəyyən olunub. İlk hissədə “Xarıbülbül Şuşa” qalib gəlsə də, “AZERRAIL” növbəti hissəni aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib. Lakin Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirib və sonrakı setlərdə də qələbə qazanıb-3:1.
Günün ikinci oyunu isə "MOİK" və “Murov Az Terminal” komandaları arasında olub. “Murov Az Terminal”ın idman zalında baş tutan qarşılaşmada Fərid Cəlalovun yetirmələri 3:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, xallarının sayını 9-a çatdıran “Xarıbülbül Şuşa” turnir cədvəlində liderliyi ələ keçirib. Hərəyə 8 xal toplayan “AZERRAIL” və “Murov Az Terminal” 2-ci və 3-cü yerde qərarlaşıblar. “Xarıbülbül Laçın” və “Neftçi” 4 xalla 4-cü və 5-ci pillələri bölüşürlər. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.
Yüksək Liqa
“Xarıbülbül Şuşa” - “AZERRAIL” 3:1 (25:17, 22:25, 25:19, 25:16)
"MOİK" - “Murov Az Terminal” 0:3 (17:25; 13:25; 17:25)