Yüksək Liqanın yarımfinalçıları rəsmiləşdi
- 10 Apr 2024 00:08
- 314
Qadın voleybolçuların Azərbaycan çempionatının (Yüksək Liqa) ilkin mərhələsi başa çatıb. "Rekord.az" xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində təşkil olunan XX turun ilk qarşılaşması “Abşeron” və “AZERRAIL” komandaları arasında olub. Bu matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Ardınca meydançaya “Murov Az Terminal” və “Gəncə” komandaları çıxıblar. Gərginliyi ilə yadda qalan oyunda “Gəncə” 3:1 hesablı qələbəni bayram edib.
Turun daha bir qarşılaşması isə UNEC-in idman zalında “Milli Aviasiya Akademiyası” və UNEC komandaları arasında baş tutub. Bu oyunda “Milli Aviasiya Akademiyası” kollektivi 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, ilkin mərhələdə turnir cədvəlində ilk dörd pillədə qərarlaşan “AZERRAIL”, “Abşeron”, “Murov Az Terminal” və “Gəncə” pley-offa vəsiqəni rəsmiləşdiriblər. 5-ci yeri tutan “Milli Aviasiya Akademiyası” və sonuncu olan UNEC ölkə birinciliyində mübarizəni dayandırıblar.
Yarımfinalda çempionatın lideri “AZERRAIL” dördüncü yerin sahibi “Gəncə” klubu ilə görüşəcək. Digər yarımfinal matçı isə “Abşeron” (2-ci yer) və “Murov Az Terminal” (3-cü yer) kollektivləri arasında baş tutacaq. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.
Pley-off mərhələsinin oyunlarının keçirilmə yeri və vaxtı haqqında məlumat veriləcək.
9 aprel
XX tur
“Abşeron” – “AZERRAIL” 3:1 (22:25, 25:19, 25:13, 25:20)
“Murov Az Terminal” – “Gəncə” 1:3 (25:17, 19:25, 22:25, 29:31)
“Milli Aviasiya Akademiyası” – UNEC 3:0 (25:12, 25:10, 25:18)
Yarımfinal
“1” – “4”
“2” – “3”