Yunanların unutmadığı "Qarabağ"
- 28 Yan 2025 20:42
- 137
Qurban Qurbanovun 2 il əvvəl səfərdə "Olimpiakos"a böyük hesabla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransı yaxşı yadımdadı. Yunan nəhəngi ram edilmiş, rəsmən diz çökdürülmüşdü. Amma Hoca giriş sözündə həmişəki kimi təmkinli danışdı, qələbəyə sevindiklərini, amma eyforiyaya qapılmamalı, cavab görüşünün olduğunu, ciddi hazırlaşmalı olduqlarını bildirdi. Elit məşqçi açıqlamaları idi.
Kim "Olimpiakos"u o günə qoysaydı, mütləq ki bir-iki söz "göylə gedərdi". Hoca getmədi.
Sonra söz bizdə idi və ilk sualı da mən verdim, "rəqib sizi mənfi mənada nə ilə təəccübləndirdi" soruşdum. Qurbanov yenə təvazökar davranıb, konkret meydandan sildiyi yunan nəhəngini "ayağa vermədi". Bunları boşuna yazmıram. Konfransdan sonra yunan jurnalistlərdən biri bizə yaxınlaşaraq "möhtəşəm məşqçiniz var. Oyunda qazanılan qələbə öz yerində, ancaq açıqlamaları, təmkini, təvazökarlığı ayrı qeyd olinmalıdı. Böyük məşqçidi, çox şanslısız" dedi.
Konfransa qayıdaq. Məndən sonra mikrofonu yunan həmkarım götürdü və sualının əsas - tribunalarda baş verənlər barədə hissəsinə keçməmişdən öncə belə bir cümlə ilə giriş etdi: "Qarabağ" bu stadionda - "Georgios Karaiskakis"də qonaq olmuş komandalar arasında bəlkə də ən yaxşı futbol nümayiş etdirmiş komandadı".
Cümləni bir də oxuyun. Bir yunan jurnalist, şəxsi təşəbbüsü, təəssüratı ilə hisslərini bu cür ifadə edir. Bilirsiz, bu stadionda kimlər "Olimpiakos"un qonağı olub? Ağlınıza gələn bütün nəhənglər - "Arsenal", "Milan", "Portu", "Man Siti", "Man Yunayted", "Barselona", "Bavariya", "Yuventus", "Real Madrid" və başqaları bu arenada oynayıb, qələbələr də qazanıb, amma yunan jurnalist məhz bizim təmsilçimizin oyununu fərqləndirir. Ağır yükə malik cümlədi. Buna ancaq həqiqi möhtəşəm performans nümayiş etdirmiş komanda nail və layiq ola bilərdi.
Afinada ən yaxşı futbol oynamış komanda. "Qarabağ". Azərbaycan təmsilçisi.
Həmin "Qarabağ" yenə "Olimpiakos" səfərinə yollanır. İki gündən sonra Avroliqanın əsas mərhələsinin son turunda qarşılaşacaqlar. Bəli, "köhlən atlar" əvvəlki gücdə deyillər, eniş var, psixoloji durum da yaxşı deyil, çətinlikləri də saymaqla bitməz. Orda "Qarabağ"ı yaxşı tanıyır, böyük səbrsizliklə gözləyirlər. Təbii ki, həmin məğlubiyyətin əvəzini çıxmaq üçün. Amma ona da əminəm ki, həm də təmsilçimizə sayğı ilə yanaşırlar.
Pireylilər indi daha güclüdülər, Konfrans Liqasının son qalibidilər, şəksiz favoritdilər, qələbəyə yaxın tərəfdilər, 3 xal da onlara daha çox lazımdı. Məşhur prezidentləri yaxşı premiya qoyub, oyunçularından qələbə istəyir. Olsa, "Olimpiakos" birbaşa 1/8 finala yollana bilər.
"Qarabağ" üçün isə durum fərqlidi. Bu mövsüm üçün son akkordunu vuracaq komanda sadəcə nüfuz üçün meydana çıxacaq. Ağdamlılar təzyiqsiz oynayacaqlar. Qurbanovun yetirmələrini məğlubiyyətə görə heç kim qınamayacaq, buna normal yanaşılacaq. Qazanılan istənilən xal isə ağdamlıların mənəvi durumuna böyük töhfə verəcək, ilə yaxşı başlamaq, həm daxili çempionata yüksək ruhda qayıtmaq, həm də yayda başlanacaq növbəti avrokubok seriyasına yaxşı xatirə ilə start vermək imkanı verəcək. Odu ki, hər şey, hər cür nəticə ola bilər.
"Styaua" ilə matçda tribunada tək qoyduğunuz komanda, iki gündən sonra 33 min yunanın qarşısında yenə tək olacaq. Amma əminəm ki, sona qədər mübarizə aparacaq, qələbə qazanmaq, sizi sevindirmək üçün əlindən-ayağından gələni edəcək. O zaman nə hisslər keçirəcəksiz, bilmirəm...
Yunanıstanda "Qarabağ"ı unutmayıblar.
Siz də unutmayın.